Rus dilində tədqiqatın ikinci nəşri
“Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 oktyabr tarixli sərəncamına əsasən Mədəniyyət Nazirliyinin dəstəyi ilə rus dilində “Qara Qarayevin kino musiqisi” («Киномузыка Кара Караева») kitabı “Şərq-Qərb” nəşriyyatında nəfis şəkildə çap olunub.
Kitabın müəllifi Nailə Mehdiyeva, ikinci nəşrin redaktoru Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadədir.
Kitab Azərbaycan musiqi mədəniyyətinin klassiki, görkəmli bəstəkar Qara Qarayevin yaradıcılığının bir qolunu – kinofilmlər üçün bəstələnmiş musiqiləri araşdıran tədqiqat əsəridir. Burada Qara Qarayevin bəstəkarı olduğu və 1938-1965-ci illəri əhatə edən filmlər təfərrüatları ilə nəzərdən keçirilib. Kitabın əsas məğzini böyük bəstəkarın musiqisinin filmlərlə sıx bağlı analizi təşkil edir. Musiqilərin təhlili çoxsaylı not nümunələri ilə müşayiət olunur. Tədqiqat həmçinin Azərbaycanda kino musiqisinin inkişafının ilkin mərhələsinə işıq tutur. Kitabın sonunda Qara Qarayevin musiqi yazdığı filmlərin siyahısı yer alıb.
Kitab Nailə Mehdiyevanın tədqiqat əsərinin ikinci, təkmilləşdirilmiş nəşridir. Əsər ilk dəfə 1966-cı ildə “Azərnəşr”də işıq üzü görüb. İkinci nəşrdə mətnlə yanaşı yeni fotomateriallar da təqdim olunub.