Heydər Əliyev Mərkəzində beynəlxalq musiqi festivalının bağlanış mərasimi keçirildi

Paytaxtımız daha bir beynəlxalq musiqi bayramına ev sahibliyi etdi. Dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunmuş ənənəvi festival bu il onuncu dəfə təşkil edilmişdi.

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalına sentyabrın 26-da yekun vuruldu. Heydər Əliyev Mərkəzində keçirilən bağlanış mərasimində mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, elm, mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər.

Gecədə Əməkdar artist, dirijor Əyyub Quliyevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Rusiyanın Xalq artisti, məşhur violonçel ifaçısı Sergey Roldugin və P.İ.Çaykovski adına beynəlxalq müsabiqənin laureatı, skripkaçı Pavel Milyukov çıxış etdilər.

Festival günlərində Rusiya, ABŞ, Türkiyə, İtaliya və Slovakiyadan tanınmış musiqiçi və kollektivlər – T.Dokşitser adına “New life brass” kvinteti, “Dədə Qorqud” Kamera Orkestri, Murad Kajlayev, Murad Annamamedov, Sergey Roldugin, Pavel Milyukov və başqalarının iştirakı ilə 30-a yaxın konsert, təqdimat, konfrans, müəllif gecəsi və s. təşkil olunub.

Qeyd edək ki, 2009-cu ildən başlayaraq ölkəmizdə hər il 18 sentyabrda başlanan Üzeyir festivalı beynəlxalq musiqi xəritəsində öz yerini tutub. Görkəmli bəstəkarın doğum gününün musiqi bayramı olaraq qeyd edilməsi ənənəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderin 1995-ci ildə imzaladığı fərmanla hər il ölkəmizdə Milli musiqi günü kimi qeyd olunur.

Musiqi mədəniyyətimizin inkişafı və beynəlxalq aləmdə təbliği onu göstərir ki, bu gün də Üzeyir bəy ənənələri davam edir. Azərbaycan musiqisi dünyanın məşhur konsert salonlarından səslənir, ifaçılarımız beynəlxalq festival və müsabiqələrdə uğur qazanırlar. Bütün bu nailiyyətlərin də əsasında xalqımızın istedadı və mədəniyyətə, incəsənətə, o cümlədən musiqi sənətinə yüksək dövlət qayğısı dayanır.

Fariz HÜSEYNOV