Sentyabrın 26-da mədəniyyət naziri Əbülfəs Qarayev gənc virtuoz skripka ifaçısı, Prezident təqaüdçüsü, bu yaxınlarda respublikanın Əməkdar artisti adına layiq görülmüş Elvin Hoca Qəniyevi qəbul etdi.
Əbülfəs Qarayev Prezident İlham Əliyevin 27 may 2018-ci il tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə təltif olunmuş ifaçını təbrik edərək “Əməkdar artist” fəxri adının vəsiqə və nişanını ona təqdim etdi, gələcək fəaliyyətində uğurlar arzuladı.
Yaradıcı gənclərin mədəniyyətimizin təbliği və inkişafında xidmətlərini xüsusi qeyd edən nazir Elvin Hoca Qəniyevin bu sahədə fəaliyyətini yüksək qiymətləndirdi.
Elvin Hoca Qəniyev çıxışında istedadlı gənclərə göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə öz minnətdarlığını bildirdi. Gənc virtuoz Azərbaycan mədəniyyətinin təbliği üçün bundan sonra da var qüvvəsi ilə çalışacağını vurğuladı.
Qeyd edək ki, 21 yaşlı Elvin indiyədək bir çox müsabiqə və festivallarda uğur qazanıb. O, gənc violin ifaçılarının K.Lipinski və Q.Venyavski adına, P.İ.Çaykovski adına, D.Oystrax adına və digər nüfuzlu beynəlxalq müsabiqələrin laureatıdır. 2008-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə onun adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb.
Elvin Hoca Qəniyev bu günlərdə Almaniya paytaxtında keçirilən 2-ci Berlin Beynəlxalq Musiqi Müsabiqəsində qızıl medal qazanıb.