Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və qurumun bölgələrdə fəaliyyət göstərən bilik evləri ənənəvi olaraq Milli musiqi günü ilə bağlı müxtəlif tədbirlər keçirir.
Fonddan bildirilib ki, Ağdaş Bilik evi rayonun Mərkəzi kitabxanasının 1 saylı filialı ilə birgə əlamətdar günü Heydər Əliyev Mərkəzində qeyd edib. Tədbirdə dahi bəstəkarın həyat və yaradıcılığından bəhs edilib, Üzeyir bəyin elm, mədəniyyət və incəsənət sahəsində misilsiz xidmətləri barədə ətraflı məlumat verilib.
Növbəti tədbir Bakıdakı M.Maqomayev adına 26 nömrəli Musiqi məktəbində gerçəkləşib. Bilik Fondunun məsləhətçisi Sevinc Babayeva, məktəbin direktoru Gülşən Quliyeva və başqaları çıxış edərək Milli musiqi gününün əhəmiyyətindən söz açıblar. Bakı Musiqi Akademiyasının elmi işçisi Fidan Nəsirova Ü.Hacıbəylinin həyat və yaradıcılığına dair mühazirə ilə çıxış edib.
Musiqi məktəbinin şagirdləri və “Fantaziya” skripkaçılar ansamblı görkəmli bəstəkarlar Ü.Hacıbəyli, M.Maqomayev, Q.Qarayev, F.Əmirov, N.Əliverdibəyov, Z.Bağırov, T.Quliyev və V.Adıgözəlovun əsərlərini səsləndiriblər.