Bu il görkəmli dövlət xadiminin dünyaya gəlişinin 595 ili tamam olur
Azərbaycan tarixində Ağqoyunlu dövlətinin mühüm yeri var. Ağqoyunlular – 1284-1291-ci illər arasında Xorasandan Anadoluya köçmüş oğuz türklərinin tayfa birliyi olub, Azərbaycan, indiki Türkiyənin Bayburt, Harput, Diyarbəkir, Bitlis bölgələrində məskunlaşmışlar. Onlar əsasən qoyunçuluqla məşğul olduqları üçün bayraqlarında ağ qoç təsvir edilirdi. Səlcuqlu dövlətinin zəifləməsi, Anadoluda Elxanilər sülaləsinin hökmranlığının sona çatması ilə Ağqoyunlu dövləti qurulmuşdur.
Bayandur soyunun nümayəndəsi
Ağqoyunlu dövlətinin ən məşhur hökmdarlarından biri Uzun Həsən (Həsən bəy Bayandur) olub. O, 1423-cü ildə Diyarbəkirdə doğulmuşdu. Əli bəy ibn Osman bəyin oğlu, Qara Yuluq Osman bəyin nəvəsidir. “Kitabi-Diyarbəkiriyyə”də babası Osman bəydən başlamaqla Bayandur xanın Uzun Həsənin 52-ci babası olması göstərilir. Onun uşaqlıq və gənclik illəri barədə geniş məlumat yoxdur. Lakin ehtimal edilir ki, o, yaxşı təhsil almış və Ağqoyunlu dövlətinin hərbi təlimlərində iştirak etmişdir. Uzun Həsənin sarayında səfir olmuş Venesiya diplomatı Ambrozio Kontarini onun haqqında yazır: “Uzun Həsən yeməyi və öz qonaqlarına qulluq etməyi sevir. Ümumiyyətlə, o, şən xasiyyətli, arıq, ucaboy, qırmızısifət bir kişidir və üzündə tatar cizgiləri var”. Mənbələrdə sərkərdənin ucaboylu olduğuna görə “Uzun Həsən” ləqəbi aldığı bildirilir.
Uzun Həsən Osmanlı İmperiyası, Venesiya Respublikası, Böyük Moskva Knyazlığı, Qızıl Orda, Polşa, Avstriya, Macarıstan, Çexiya, Almaniya, Misir, Hindistan və başqa dövlətlərlə diplomatik münasibətlər qurmuşdu. Uzun Həsənin hakimiyyəti dövründə (1453-1478) dövlətin ərazisi Qafqaz sıra dağlarından Fars körfəzinə, Xorasandan Mərkəzi Anadoluyadək uzanmışdı. O, dövlətinin güclənməsi üçün xüsusi “Qanunnamə” hazırlatmışdı. “Qanunnamə”nin mətni bizə gəlib çatmasa da, onun islahatları haqqında salnaməçilərin “Həsən padşah qanunları” və ya “Dəsturi-Həsən bəy” adlandırdıqları qanunlar barədəki qısa məlumatlara əsasən mühakimə yürütmək mümkündür.
Vergi islahatçısı
Ağqoyunlu dövlətinin Osmanlı imperiyası tərkibinə qatılan qərb ərazilərinə (Diyarbəkir, Mardin, Urfa, Ərzincan, Harput və s.) aid olan bəzi sənədlər Türkiyə arxivlərində saxlanılır. Bu mənbələr Ağqoyunlu dövlətinin vilayətlərində feodal münasibətlərini araşdırmaq baxımından əhəmiyyətlidir.
Uzun Həsənin islahatının ümumi xarakteri haqqında “Tarix əl-Qiyasi”də deyilir: “Uzun Həsən ədalətli və xeyirxah idi. O, bütün dövlətin ərazisində tamğanı (tacir və sənətkarlardan alınan vergi – red.) ləğv etmək istəyirdi. Lakin əmirləri onunla razılaşmadılar. Sultan tamğanı yarıbayarı azaldaraq iyirmidə bir dirhəmə çatdırmışdı. Uzun Həsən əhali arasındakı mübahisə və şikayətlərə aid “Qanunnamə” də tərtib etdirmişdi. O, günahkarları sərt şəkildə cəzalandırmağı tələb edirdi. Sultan “Qanunnamə”ni icra edilmək üçün dövlətin bütün vilayətlərinə göndərmişdi”.
Uzun Həsən feodal özbaşınalığını məhdudlaşdırmaq və vergilərin yığılması zamanı sui-istifadə hallarını aradan qaldırmaqla iqtisadiyyatın inkişafına təkan verdi. Tarixçilərin qeyd etdiyi kimi, Uzun Həsən uzaqgörən dövlət xadimi idi. O, yaxşı başa düşürdü ki, uğurlu hərbi qələbələr nəticəsində yaradılmış Ağqoyunlu dövləti ərazicə geniş olsa da, daxilən möhkəm deyil. Hər hansı təhlükəni aradan qaldırmaq üçün real gücə əsaslanan, mərkəzləşdirilmiş dövlət yaratmaq lazımdır. Ağqoyunlu ərazisindən müxtəlif ölkələri birləşdirən çoxlu karvan yolları keçirdi. Bu yollardan keçən karvanlardan gömrük rüsumu alınırdı. Bütün bunlar dövləti gücləndirdi.
Qeyd edək ki, Şərqdə, Qərbdə, dünyanın hər yerində məşhur olmuş istedadlı qadın diplomat Sara xatın Uzun Həsənin anasıdır. O, bütün dövlət işlərində Uzun Həsənin yaxın məsləhətçisi idi. Bir çox ölkələrdən Sara xatının adına məktublar gəlirdi. Xarici ölkələrdən gələn elçilər, səyyahlar, dövlət adamları Uzun Həsənlə görüşməzdən əvvəl onun görüşünə gedirdilər. Xarici ölkə səfirliklərinin nümayəndələri Sara xatınla danışıqlar aparırdı.
Qardaş qardaşa rəqib olarsa...
Avropa ilə ticarət əlaqələrini günü-gündən genişləndirən Uzun Həsən eyni zamanda kompleks tədbirlər həyata keçirirdi. Belə ki, Osmanlı dövləti Avropaya çıxış yollarını bağladıqdan sonra aydın olur ki, Böyük İpək Yolu marşrutu da qapanıb. Odur ki, yolun mərkəzində yerləşən Azərbaycana böyük zərər dəyir. Uzun Həsən Qara dənizin cənub sahillərində yerləşən Trabzon imperatorluğu vasitəsilə Avropa ilə əlaqə yaratmağa çalışır. Bu məqsədlə o, imperator IV İohanın qızı Dəspinə xatınla evlənir və bu izdivacdan Uğurlu Məhəmməd, Maqsud bəy, Zeynal bəy, Sultan Xəlil, Mirzə Yaqub, Yusif Mirzə və Məsih Mirzə adlı 7 oğlu dünyaya gəlir. O, bacısını Şeyx Cüneydə (Şah İsmayıl Xətainin babası), qızı Aləmşah bəyimi isə Şeyx Cüneydin oğlu Şeyx Heydərə ərə verir. 1461-ci ildə Osmanlı qoşunu Trabzona hücum edəndə qonşu Qaraqoyunlu dövləti ilə vuruşmalara başı qarışan Uzun Həsən başda anası Sara xatın olmaqla diplomatik danışıqlar aparmaq üçün nümayəndə heyəti göndərir. Osmanlıların yürüşə top götürmədiyindən xəbərdar olan Uzun Həsən danışıqlar yolu ilə onları yubatmaq və bundan istifadə edib qoşunları ilə Trabzona doğru irəliləməyi planlaşdırır. Lakin Trabzon imperatoru osmanlılara döyüşsüz təslim olduğundan Sara xatının missiyası əhəmiyyətini itirir. Bununla belə, 1461-ci ildə Yassıçəməndə Ağqoyunlu və Osmanlı dövlətləri arasında müqavilə imzalanır. Osmanlılar Trabzon şəhərini, ağqoyunlular isə onun bütün xəzinəsini götürür.
Avropaya yol açmaq fikrindən dönməyən Uzun Həsən Aralıq dənizi limanlarından istifadə etmək qərarına gəlir. Danışıqlardan sonra Venesiya Respublikası, Macarıstan, Neapol krallığı, Papalıq, Rodos, Kipr, Qaraman əmirliyi ona qoşulur. Onlar müharibə zamanı osmanlılara qərbdən zərbə vuracaqlarına söz verirdilər. 1472-ci ildə Ağqoyunlu dövləti ilə Venesiya Respublikası arasında birgə mübarizə haqqında Təbriz müqaviləsi bağlanır. Digər Avropa dövlətləri bu müqaviləyə qoşulmur və gözləmə mövqeyi seçirlər.
1472-1473-cü illər Ağqoyunlu-Osmanlı müharibəsi hər iki dövlətin qüvvələrinin səfərbər edilməsini tələb edirdi. Ağqoyunlu qoşunu Osmanlı dövlətinin lap içərilərinə qədər irəliləyir və Aralıq dənizinin sahilində yerləşən Qaraman vilayətinə çatır. Lakin Venesiya öhdəliklərini yerinə yetirmədiyi üçün Ağqoyunlu dövlətinin planları pozulur. 1473-cü ildə baş vermiş birinci döyüşdə (Malatya döyüşü) Uzun Həsən qalib gəlir, lakin ikinci döyüşdə (Otluqbeli döyüşü) məğlub edilir. Aydın olur ki, Ağqoyunlu qoşunları bütün Osmanlı dövlətinin ərazisini yarıb Avropaya çıxış əldə etmək iqtidarında deyil. Bunu başa düşdükdən sonra Uzun Həsən Suriya və Gürcüstanı məğlub edib, ya Aralıq dənizi, ya da Qara dəniz vasitəsilə Avropaya çıxış əldə etmək qərarına gəlir. O, Urfa və Amid şəhərlərinin yaxınlığında Suriyanı nəzarət altında saxlayan Misir məmlük dövlətinin qoşunlarını məğlub edir. Daha sonra isə gürcü çarlarını məğlubiyyətə uğradır. Lakin qələbələrinin nəticəsini görə bilmir. Uzun Həsən 1478-ci ildə Təbrizdə vəfat edib və “Nəsriyyə” kompleksində dəfn olunub.
Elm və mədəniyyət hamisi
Uzun Həsən ölkədə elmə və abadlıq işlərinə xüsusi fikir verirdi. O, ölkədəki savadlı insanları saraya toplayır və himayə edirdi. Böyük hökmdar Qurani-Kərimi türkcəyə çevirtdirmişdi. Onun kitabxanasında altmışa qədər alim işləyirdi. Hökmdar özü də kitabları çox sevirdi. Aşıq havalarını sevən sultanın göstərişi ilə saz ansamblı (sazəndələr dəstəsi) yaradılmışdı. Burada doxsan səkkiz aşıq toplanmışdı. Uzun Həsənin sarayında fəaliyyət göstərən elmi məclisdə 58 alim çalışırdı. Təbrizdə “Qeysəriyyə” adlı örtülü bazar və “Nəsriyyə” məscidini də o tikdirmişdi. Bu məscid gündə üç dəfə rəngini dəyişirdi...
Aynurə ƏLİYEVA