Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2015-ci il 20 avqust tarixli
287 nömrəli qərarı ilə təsdiq edilmişdir

Mədəni sərvətlərdən aztəminatlı əhali, əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, müharibə iştirakçıları tərəfindən güzəştli istifadə

QAYDASI

 

1. Ümumi müddəalar

1.1. Bu Qayda “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 14.2.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında aztəminatlı əhali, əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, müharibə iştirakçıları tərəfindən mədəni sərvətlərdən güzəştli istifadə edilməsi ilə bağlı məsələləri tənzimləyir.

1.2. Mədəni sərvətlərdən güzəştli istifadə dövlət və bələdiyyə mülkiyyətində, həmçinin qarşılıqlı razılaşma əsasında xüsusi mülkiyyətdə olan mədəniyyət müəssisələrində qorunan və ya nümayiş etdirilən mədəni sərvətlərdən bu Qaydanın 1.3-cü bəndində göstərilən şəxslərin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin razılığı tələb olunmadan qeyri-kommersiya məqsədləri üçün ödənişsiz faydalanmasını nəzərdə tutur və bu Qaydaya uyğun həyata keçirilir.

1.3. Bu Qayda aşağıdakı şəxslərə şamil olunur:

1.3.1. Azərbaycan Respublikasında yaşayan aztəminatlı ailələrin üzvlərinə;

1.3.2. əlillərə;

1.3.3. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara;

1.3.4. müharibə veteranlarına.

 

2. Güzəştli istifadə üçün müraciət

2.1. Bu Qaydanın 1.3-cü bəndində göstərilən şəxslər mədəni sərvətlərdən güzəştli istifadə üçün mədəni sərvətlərin qorunmasını və ya nümayişini həyata keçirən dövlət və bələdiyyə mülkiyyətində olan mədəniyyət müəssisəsinin rəhbərinə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin tələblərinə uyğun olaraq ərizə ilə müraciət edirlər.

2.2. Xüsusi mülkiyyətdə olan mədəniyyət müəssisələrində qorunan və nümayiş etdirilən mədəni sərvətlərdən güzəştli istifadə üçün mülkiyyətçinin razılığı əsasında həmin müəssisənin rəhbərinə müraciət edilir.

2.3. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

2.3.1. rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzində yaradılmış komissiya tərəfindən ünvanlı dövlət sosial yardımının təyin edilməsi barədə qərarın surəti - bu Qaydanın 1.3.1-ci yarımbəndində göstərilən şəxslər tərəfindən;

2.3.2. tibbi-sosial ekspert komissiyası tərəfindən verilmiş arayışın surəti - bu Qaydanın 1.3.2-ci və 1.3.3-cü yarımbəndlərində göstərilən şəxslər tərəfindən;

2.3.3. hərbi bilet və ya müharibə veteranı vəsiqəsinin surəti – bu Qaydanın 1.3.4-cü yarımbəndində göstərilən şəxslər tərəfindən;

2.3.4. şəxsiyyət vəsiqəsinin surəti.

2.4. Müvafiq qərarın qəbul edilməsi ilə bağlı icraat “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsasında həyata keçirilir.

 

3. Yekun müddəalar

3.1. Mədəni sərvətlərin qorunmasını və ya nümayişini həyata keçirən dövlət və bələdiyyə mülkiyyətində olan mədəniyyət müəssisəsi tərəfindən güzəştli istifadə şamil olunan şəxslərin və müvafiq sənədlərin siyahısı hər kəs üçün aydın görünən lövhələrdə yerləşdirilməlidir.

3.2. Dövlət və bələdiyyə mülkiyyətində olan mədəniyyət müəssisələrindəki mədəni sərvətlərin istifadəsi öz tarixi və bədii təyinatına uyğun həyata keçirilməlidir.

3.3. Mədəni sərvətlərin tarixi və bədii təyinatı ilə bir araya sığmayan tərzdə istifadə edilməsinə və “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməklə, mülkiyyətçisinin və ya istifadəçisinin razılığı olmadan mədəni sərvətlərin surətinin çıxarılması (hazırlanması), habelə onlardan turizm, ekskursiya və reklam məqsədi ilə istifadə edilməsinə yol verilmir.