Oktyabrın 14-də növbəti Bakı Caz Festivalı (Baku Jazz Festival 2018) başlayacaq. Festival soul musiqisinin və fankın ustadı Omar Lye-fukun möhtəşəm konserti ilə açılacaq. Musiqiçi “Elektra Events Hall”da özünün 50 illik yubileyini də qeyd edəcək.

Xatırladaq ki, Mədəniyyət Nazirliyi və “Jazz Dünyası” jurnalının dəstəyi ilə təşkil olunan festival oktyabrın 28-dək davam edəcək. Festival günlərində caz musiqisinin ustadlarının peşəkar konsertləri 14 gün müddətində həm təcrübəli intellektual dinləyicilər, həm də dinamik musiqi həvəskarları üçün mənəvi qida olacaq.

Festival çərçivəsində oktyabrın 15-dən 18-dək gənc caz ifaçılarının “Mən cazmenəm!” adlı beynəlxalq müsabiqəsi də keçiriləcək. Oktyabrın 18-də Beynəlxalq Muğam Mərkəzində təşkil olunacaq müsabiqə qaliblərin mükafatlandırılması və qala-konsertlə başa çatacaq.