“Bazar günü”nün ardınca “Qonşu qadın” çəkiləcək
Xəbər verdiyimiz kimi, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Motivlər...” kinoalmanaxının çəkilişlərinə başlanılıb. Kinostudiyadan bildiriblər ki, almanaxın “Bazar günü” adlı ilk qısametrajlı filmi artıq hazırdır. Rejissor Rüfət Həsənovun çəkdiyi filmin post-prodakşn işləri də tamamlanmaq üzrədir.
Kinoalmanaxın növbəti ekran əsəri - Anar Abbasovun “Qonşu qadın” filmi üçün hazırlıq prosesi başa çatıb və gələn həftə çəkilişlər başlanılacaq.
“Motivlər...” kinoalmanaxı Azərbaycan Prodüserlər Gildiyasının elan etdiyi “Geniş baxış” ssenari müsabiqəsinə “Adari Films” şirkəti tərəfindən təqdim edilib və müsabiqənin qalibi olub. Kinoalmanax xarici ölkələrdə yaşayıb təhsil alan altı azərbaycanlı rejissorun çəkəcəyi 6 qısametrajlı filmdən ibarətdir. Rejissorlar “Azərbaycanfilm” kinostudiyasının dəvəti ilə Bakıya gəliblər.
Kinoalmanaxın təqdimatı noyabrın sonu - dekabrın əvvəlinə planlaşdırılır.
* * *
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında istehsalata buraxılan daha bir ekran əsəri "Axınla üzü aşağı" adlı bədii filmdir. Ailə-məişət mövzusunda olan filmin ssenari müəllifi və quruluşçu rejissoru Asif Rüstəmov, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, icraçı prodüseri Nadir Əliyevdir. Filmdə Namiq Ağayev, Mehriban Zəki və digər aktyorlar rol alıblar.