“Azərbaycanfilm”in 90 illik yubileyinə həsr olunmuş fotosərgi
   
   İyulun 26-da Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Film Fondu və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birgə təşkilatçılığı ilə “Azərbaycanfilm” kinostudiyasının 90 illik yubileyinə həsr edilmiş fotosərgi açıldı. Ekspozisiyada fotoqraf-rəssam, Əməkdar mədəniyyət işçisi Pərviz Quliyevin arxivindən kino tariximizin bir çox maraqlı anlarını yaşadan 50-dən çox foto nümayiş olunurdu.
   
   Mərasimi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq sərginin əlamətdar bir vaxta, 2 Avqust - Azərbaycan Kinosu Günü ərəfəsinə təsadüf etdiyini vurğuladı. Bu il Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 90 illiyinin tamam olduğunu diqqətə çatdıran Cəmil Quliyev yubileyin sentyabrın 26-da təntənə ilə qeyd ediləcəyini bildirdi.
   Vurğulandı ki, Azərbaycan kino salnaməsinin foto yaddaşının toplanmasında, qorunub saxlanmasında fotoqraf-rəssam Pərviz Quliyevin çox böyük zəhməti olub. Sərgidə təqdim edilən fotoşəkillər geniş bir dövrü əhatə edir, onların arasında çox nadir, ilk dəfə nümayiş edilən fotolar da var. Fransalı fotoqraf, fotoqrafiya sənətinin nəzəriyyəçisi Anri Kartiye-Bressonun vaxtilə söylədiyi “Fotoqrafiya keçmişə bir pəncərədir” fikrini təqdim olunan sərgiyə də aid etmək mümkündür. Sərgilənən fotolarda insanların taleləri, böyük zəhmət, kino xadimlərimizin yaradıcılıq axtarışları, filmlərimizin yaranma tarixi əks olunub. Ekspozisiyanın maraqlı cəhətlərindən biri də fotoşəkillərdə filmlərin çəkiliş anlarının həkk olunmasıdır. Təqdim olunan fotoşəkillər sanki kinomuzun bu günü ilə keçmişi arasında bir rabitədir.
   Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Aydın Kazımzadə çıxışında qeyd etdi ki, bu fotoşəkillərə baxarkən insan sanki keçmişə, orada əks edilmiş böyük sənətkarlarla ünsiyyətdə olduğu anlara qayıdır: “Hər foto bir dastandır. Onların hər birinin üzərində saatlarla danışmaq mümkündür. Mən inanıram ki, bu gün sərgidə iştirak edən gənc nəsil kino işçiləri də illər sonra belə bir dastanın yaradıcıları olacaqlar. Çünki buna potensialımız var”.
   Fotoqraf-rəssam Pərviz Quliyev həyatının 52 ilini Azərbaycan kinosunun təbliğinə sərf etməklə özünü çox xoşbəxt hesab etdiyini vurğuladı. O, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi.
   Tədbirdə çıxış edənlər “Azərbaycanfilm” kinostudiyasının tarixinə nəzər saldılar. Qeyd olundu ki, XIX əsrin sonunda Fransada yaranan dünya kinosu 1898-ci ildə Azərbaycana da gəlib çıxıb. Bakılı fotoqraf A.Mişon şəhər mövzularında bir neçə kino süjeti çəkib, həmin il avqustun 2-də onları tamaşaçılara nümayiş etdirib. Bu tarix Azərbaycanda kinonun yaranma günü sayılır və ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamı ilə kino işçilərinin peşə bayramı kimi qeyd olunur.
   Ötən əsrin əvvəllərində “Pate”, “Pirone”, “Filma” kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olub. Onların arasında 1916-cı ildə çəkilmiş “Neft və milyonlar səltənətində” filmi diqqəti xüsusilə cəlb edir. Bu filmdə baş rollardan birində böyük Azərbaycan aktyoru Hüseyn Ərəblinski çəkilib.
   1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) təşkil olunub və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. 1923-1926-cı illərdə kinostudiya I Dövlət Kinofabriki adlanıb. Sonradan AFKİ kinofabrik ilə birləşdirilərək “Azdövlətkino”, “Azərkino”, “Azərfilm”, “Azdövlətkinosənaye”, “Azərfilm”, “Bakı kinostudiyası” və nəhayət, “Azərbaycanfilm” adlandırılıb. Kinostudiya 1960-cı ildən Cəfər Cabbarlının adını daşıyır.
   “Azərbaycanfilm”də indiyədək iki minə yaxın müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən “Arşın mal alan” (1945), “Şərikli çörək”, “Ad günü”, “Sevinc buxtası”, “İstintaq”, “Yaramaz” və başqaları Dövlət mükafatlarına, “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan” (1965), “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta” filmləri müxtəlif festivalların mükafatlarına layiq görülüb.
   Bu gün “Azərbaycanfilm” ildə 7-8 bədii film çəkmək və əlavə xidmətlər göstərmək üçün istehsalat imkanlarına malikdir. Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nda kinostudiyanın istehsalat bazasının köklü şəkildə modernləşdirərək genişləndirilməsi nəzərdə tutulub. 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar