Oktyabrın 11-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli bəstəkarlar Qara Qarayevin 100, Arif Məlikovun 85 illik yubileyi və Xəyyam Mirzəzadənin xatirəsinə həsr olunmuş konsert keçirildi.Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin çıxış etdiyi konsertin bədii rəhbəri və baş dirijoru Xalq artisti Rauf Abdullayev idi.
Gecədə Qara Qarayevin “Violin və simfonik orkestr üçün konsert”i (3 hissə), Arif Məlikovun “Metamorfozlar” simfonik poeması, Xəyyam Mirzəzadənin 2 saylı simfoniyası – “Triptix” ifa olundu. Konsertin solisti Maksim Venger (violin) idi.
Dahi bəstəkar Qara Qarayevin “Violin və simfonik orkestr üçün konsert” əsəri fərd-şəxsiyyətin mürəkkəb mənəvi dünyası ilə cəmiyyət arasında münasibətlərə bədii baxış formasıdır. Bəstəkar əsərdə dərin mənəviyyata sahib insan-şəxsiyyət obrazını tərənnüm edir.
Arif Məlikovun “Metamorfozlar” simfonik poemasının dramaturji konsepsiyasının əsasını ilkin mövzu-nüvədən qaynaqlanaraq müxtəlif şəkildəyişmələrə məruz qalan, amma bədii vəhdət təşkil edən müstəqil obrazlar təşkil edir.
Xəyyam Mirzəzadənin 2 saylı simfoniyanı “Triptix” adlandırması ənənəvi dörd hissənin üç hissə ilə əvəzlənməsini, yəni silsilənin yığcamlaşmasını doğuran başlıca səbəbdir.
FARİZ