“Turetski xoru” Heydər Əliyev Mərkəzində çıxış edib

Oktyabrın 10-da Rusiyanın məşhur “Turetski xoru” Heydər Əliyev Mərkəzinin səhnəsində çıxış edib. Anşlaqla keçən konserti izləyənlər arasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da olub.

Musiqi qrupu repertuarında olan ən məşhur kompozisiyaları təqdim edib.

Nadir səsə, geniş vokal imkanlara, aktyor ustalığına və qeyri-adi xarizmaya sahib ifaçılardan ibarət “Turetski xoru” debütünü 1990-cı ildə edib. Qrupun yaradıcısı və bədii rəhbəri Rusiyanın Xalq artisti Mixail Turetskidir. Kollektivin repertuarı sərhədsizdir – qrup dünya klassikasından rokadək, pop musiqisindən operayadək, cazdan xalq mahnılarınadək müxtəlif janrlarda ifa edir.

“Turetski xoru”nun repertuarında 10-dan çox dildə kompozisiyalar yer alıb. Bu qrupu populyarlıq rekordçusu adlandıranlar da var, çünki dünyanın onlarla ölkəsində 6 min dəfədən çox səhnəyə çıxıb.

Təkcə bu ilin mayında qrup 10 gün ərzində 7 ölkənin müxtəlif şəhərlərində - Paris, Lyublyana, Vyana, Berlin, Təl-Əviv, Nyu-York və Minskdə konsertlər verib. “Turetski xoru”nun 2015-ci il mayın 9-da Moskvada təqdim etdiyi “Qələbə mahnıları” adlı konsert proqramına rekord sayda auditoriya – 150 min tamaşaçı toplayıb. Kollektivin özünəməxsus xüsusiyyətlərindən biri də istənilən auditoriyanı oxuda bilmək bacarığıdır.

Fərqli dillərdə hitlər səsləndirən “Turetski xoru”nun Azərbaycan tamaşaçılarına sürprizi də olub: qrup doğma dilimizdə Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısını ifa edib.

Konsertdən sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Turetski xoru”nun kollektivi ilə görüşüb, onlarla xatirə şəkli çəkdirib.

* * *

Qeyd edək ki, noyabrın 30-da Heydər Əliyev Mərkəzində Mixail Turetskinin başqa bir musiqi layihəsinin –”Soprano” art qrupunun konserti də keçiriləcək. Kollektiv Bakıda tamaşaçılara rəngarəng proqram təqdim edəcək.

“Soprano” Mixail Turetskinin unikal vokal layihəsidir – qadın səslərinin toplusudur. Art qrupda təbiətdə mövcud olan səslərin bütün fərqlilik və zənginliklərinə – ən yüksəkdən (koloratur soprano) tutmuş ən aşağı (metso) tembrədək rast gəlmək mümkündür. Kollektivin repertuarına müxtəlif janrlarda əsərlər – klassika, pop, rok, folklor, caz daxildir.