İtaliya Respublikası Prezidentinin Kuirinale Sarayının (Palazzo del Quirinale) Kapella Paolina zalında hər həftənin bazar günləri keçirilən, “Rai Radio 3” ictimai radiosu ilə canlı yayımlanan konsertlərin 14 oktyabr buraxılışı Azərbaycan musiqisinə həsr olunacaq.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və muğamın UNESCO-nun siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə Heydər Əliyev Fondu, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Azərbaycanın İtaliyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən konsertdə Azərbaycan və italyan musiqiçilərdən ibarət “Belcan-Tar” ansamblının ifasında Azərbaycan klassik musiqi nümunələri və Xalq artisti Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” ansamblının ifasında Azərbaycan muğamları və xalq mahnıları səslənəcək.

Eyni konsert proqramı 12 oktyabr tarixində İtaliyanın Abruzzo Regional Şurasının binası olan Emiçilo Sarayında (Palazzo dell’Emicilio) da təqdim olunacaq.

Hər iki konsert haqqında İtaliya Respublikası Prezidentinin və Abruzzo Regional Şurasının internet səhifələrində məlumatlar yerləşdirilib.