Ələkbər Muradov - 65
  
   
   Məhsuldar və maraqlı yaradıcılığı ilə Azərbaycan kinosunun inkişafına təkan verən, çoxşaxəli yaradıcılığında daim peşəkarlıq nümayiş etdirən kino xadimlərimizdən biri də Ələkbər Muradovdur. Avqustun 1-də istedadlı kinooperator və kinorejissorun 65 yaşı tamam olur. Ömrünün 47 ilini sevdiyi sahəyə həsr edən sənətkarın kinoda yolu 1966-cı ildən “Azneftxim” studiyasından başlanır. O vaxt həmin studiyada çəkdiyi “İmtahana üç gün qalıb” sənədli filmi ümumittifaq kinohəvəskarları festivalında mükafata layiq görülüb.
   
   Kinoya gedən yol
   
   Ələkbər Yunus oğlu Muradov 1948-ci il avqustun 1-də Bakıda anadan olub. Uşaq yaşlarından rəsmlə maraqlanıb. Məktəbdə yeganə şagird idi ki, fotoqrafiya ilə məşğul olurdu, çəkdiyi fotoşəkillər divar qəzetlərinə vurulardı. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Neft Kimya İnstitutunda (indiki Azərbaycan Neft Akademiyası) ali təhsil (1966-1971) alır. İnstitutun nəzdində fəaliyyət göstərən “Azneftximfilm” kinostudiyası sənətə marağı olan Ələkbəri özünə çəkir. Studiyanın fotoaparat, kamera, plyonkalarla təmin olunan maddi bazası, orda fəaliyyət göstərən gənclərin yaradıcılıq eşqi Ələkbərin bu sahəyə marağını daha da artırır. Tezliklə studiyanın fəallarından birinə çevrilən gənc istedad çox çəkmir ki, “Azneftximfilm” studiyasına rəhbərlik edir.
   Azərbaycan kinosuna uğur gətirən kino xadimlərindən Tariyel Qasımov, Cəmil Fərəcov, Ələsgər İbrahimov və başqaları yaradıcılıq imkanları zəngin olan bu studiyadan bəhrələniblər. Operatorluq sənətini isə Əsgər İsmayılov, Əlisəttar Atakişiyev və başqa tanınmış kinooperatorlar tədris ediblər.
   “İmtahana üç gün qalıb” sənədli filminin uğurundan sonra gənc operator rəqs festivalını çəkmək üçün Moldova Respublikasına göndərilir. 1968-ci ildə isə “Səttar Bəhlulzadə” adlı sənədli film çəkir. “Həmin filmin rejissorluğunu Səttar müəllim özü edib. Mən indi də o filmin müxtəlif rakurslu çəkilişlərinə baxarkən düşünürəm ki, həmin vaxtlarda Səttar mənə bu çəkilişləri necə çəkəcəyimi göstərməsəydi mən belə çəkə bilməzdim”, - deyə Ələkbər Muradov həmin dövrü xatırlayır. Beləliklə, “Azneftximfilm” həvəskar kinostudiyasında yaradıcılığı onun operatorluq potensialını üzə çıxarır və bütünlüklə kinoya bağlayır.
   
   Uşaqlıq illərinin xatirələri
   
   Ələkbər müəllimin Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndələrindən olan Səttar Bəhlulzadə haqqında əziz və maraqlı xatirələri var. Onun ilk rəsmlərinə, əl işlərinə də ustad sənətkar qiymət verib: “Səttar Bəhlulzadə atamın ən yaxın dostu idi, bir sinifdə oxumuşdular. O hər şənbə bizə gələrdi. Atamla nərd oynayar, çay içər, sənət söhbətləri edərdi. Mən o şənbə gününü səbirsizliklə gözləyərdim. Səttar əmi gələcək, mənim rəsmlərimə baxacaq, məni tərifləyəcəkdi”.
   Sonralar Ələkbər müəllim həyat və sənət yoluna zəkası, biliyi ilə nur səpən dahi rəssamın 100 illiyi münasibətilə üçhissəli bədii televiziya filmi çəkdi, onun həyat yolunu geniş tamaşaçı auditoriyasının diqqətinə çatdırmaqla bu böyük sənətkarın ruhu qarşısında vəfa borcunu ödəmiş oldu.
   
   İnstitut illəri
   
   O, Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutuna qəbul olunduğu vaxtı belə xatırlayır: “Mən instituta şəkillər göndərməyə gedəndə atam mənə, “ora iki dəfə getmişəm, ora sənlik deyil” - dedi. Mənə 100 manat verib, al bu pulu, 35 manat o tərəfə, 35 manat bu tərəfə bilet alarsan, amma ora sənlik deyil deyərək tərəddüdlə məni Moskvaya göndərdi. Moskvadan gələndən sonra mənə xəbər gəldi ki, sizin işlər keçib. Atamın sevinci yerə-göyə sığmırdı. Mən hesab elədim ki, atama dünyanı bağışladım. Kinematoqrafiya İnstitutunda mənə ixtisas fənnindən SSRİ Dövlət mükafatı laureatı, məşhur kinooperator Aleksandr Vladimiroviç Qalperin dərs deyirdi. Mən onu kinoda atam adlandırıram. O, ensiklopedik biliyə malik bir insan idi. İki dəfə Stalin mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Anatoli Dmitriyeviç Qolovnyadan dərs almışam. Sergey Bondarçukla bir yerdə işləmişəm. Həmin illərin gəncliyinin bəxti onda gətirdi ki, biz həmin kinorejissorlarla bir yerdə olub, onların sənətindən bəhrələnə bildik. Onlar canlı klassiklər idi. Həyatımın ən gözəl anları Moskva Kinematoqrafiya İnstitutunda keçib”.
   Ələkbər Muradov milli kinomuzda 30-dan artıq müxtəlif janrlı filmi lentə alıb. “Qərib cinlər diyarında” (1977), “Mən nəğmə qoşuram” (1979), “Qorxma, mən səninləyəm” (1981) bədii filmlərində II operator kimi işləyib, “Zirzəmi” (1990), “Müqəddəs oda yanaram” (1991), “O dünyadan salam” (1992), “Mənim ağ şəhərim” (1993) bədii filmlərinin quruluşçu operatorudur.
   Onun çoxşaxəli yaradıcılığında müxtəlif janrlı sənədli filmlər çoxluq təşkil edir. “Anaya məktub”, “Gəmiqaya”, “Səadət təranələri”, “Odlu ürək”, “Nəsrəddin Tusi”, “Təkəlduz”, “Qonaq-qaralı ev” və başqa sənədli filmlərin mizan quruluşları dəqiq, çəkiliş maneraları fərqli, dinamikdir.
   
   Vəzifə borcu
   
   Ələkbər Muradov kinoya gəldiyi ilk vaxtdan gündəmdə olan mövzulara müraciət edib, dövrünün aktual problemlərini, hadisələri lentlərə köçürməyi özünə vəzifə borcu sayıb. 1990-cı il 20 Yanvar hadisələrində də o, əlində kamera gözünü qan örtmüş sovet ordusu əsgərlərindən qorxmadan “Azadlıq” meydanında çəkiliş aparır, doğma vətənində, gözəl Bakının küçələrində qanı su yerinə axıdılan həmvətənlərinin faciəsini ürək ağrısı ilə lentə köçürürdü. Ağır da olsa, o qanlı hadisəni çəkirdi ki, gələcək nəsillər sovet imperiyasının əsl simasını onun gözü ilə izləsinlər, unutmasınlar.
   Ələkbər müəllim həmin müdhiş gecə saat 12-də Mərdəkan yolunda şahidi olduğu, çox çətinliklə çəkdiyi qətliamı ürək ağrısı ilə yada salır: “İnsanlar sovet ordu hissələrinin şəhərə hücum xəbərini eşitmişdilər. Yuxusu ərşə çəkilən, əliyalın sakinlər ağacların altında, küçədə dəstə-dəstə cəmləşərək söhbətləşir, belə qanlı hadisənin baş verəcəyinə inanmırdılar. Gecə saat 12 radələrində əsgərlər dinc əhalini qıraraq şəhərə daxil oldular. Mən ora gedəndə yerdə qırılıb tökülmüş qab-qacağı, gülləbaran edilmiş insanları görüb dəhşətə gəldim. Çətinliklə də olsa, bu kadrları lentə aldım. Lakin uzaqdan əsgərlərin məni gördüklərini və mənə yaxınlaşdıqlarını gördüm. Məndə də kaset deyildi ki, çıxarıb cibimə qoyum. Tez plyonkanı çıxarıb işıq dəyməsin deyə büküb, maşının oturacağının altında gizlətdim. Aeroportu keçən kimi məni saxladılar. Maşını axtardılar ki, əlindəki plyonka hanı. Dedim, mən hələ plyonka götürməyə gedirəm. Onlar mənə inandılar. Həmin illərdə çox çətinliklər vardı. İndi də o günləri xatırlayanda dəhşətə gəlirəm”.
   Həmin illərdə dövrün ictimai-siyasi hadisələri kino sahəsinə də öz mənfi təsirini göstərmişdi. Fərdi sponsorların dəstəyi ilə filmlər çəkilsə də, zəif dramaturji materiallar və texniki çatışmazlıqlar filmlərə uğur qazandırmırdı. Kinoda böyük təcrübə toplayan operator o vaxtlarda fərdi potensialına, peşə təcrübəsinə arxalanaraq çəkdiyi filmlərə dəqiq quruluşlar verir, kadrlarda aktyor ifasını qabardır, dinamik çəkiliş üsulu ilə filmlərin təsir gücünü artırırdı.
   Ələkbər müəllim görkəmli kinorejissor Tofiq Tağızadənin “O dünyadan salam” (1992) filmində işləyərkən “Strela” operator texnikası ilə çiynində çəkilişlər aparır, bununla da lazımlı dinamik çəkilişləri gerçəkləşdirirdi.
   O, peşəkar aktyorlarla çox filmlərdə işləyib. Onların həddən artıq tələbkar olduğunu kameranın statik və hərəkətli çəkilişlərini izlədiklərini, peşə tələblərini dəfələrlə görüb. Buna görə o, filmlərdə vacib nüansları, aktyor və detal çəkilişlərini gözdən qaçırmamağa çalışırdı.
   “Qaladan tapılan mücrü” (1982) uşaq-macəra filminin çəkilişlərinə başlayanda quruluşçu operator kimi Ələkbər müəllim filmin ideyasını dəqiq çatdırmaq üçün müxtəlif çəkiliş imkanlarından istifadə edir. Filmdə çətinliklə gerçəkləşən sualtı və vertolyot çəkilişləri var. Kinonun məhdud imkanı daxilində belə Ələkbər müəllim çəkilişləri gerçəkləşdirmək üçün lazımi yerlərə müraciət edir, kömək istəməkdən çəkinmirdi.
   Kino kollektiv sənət növüdür. Sənətə can yandıran, hər şeydən əvvəl peşəkarlığını nümayiş etdirən sənətkarlar sayəsində filmlər səviyyəli alınır, geniş tamaşaçı auditoriyası toplayır. Ələkbər Muradov istər operator, istərsə də rejissor kimi sənəti ilə tamaşaçı diqqətini cəlb etməyi bacaran kino xadimlərimizdəndir. Bu da insanların filmlərə olan münasibətini dəqiq bilməsindən, mövzuların tamaşaçı qəlbinə yol tapa biləcəyini hiss etməsindən irəli gəlir.
   Ələkbər Muradov aktyor plastikasından, potensialından məharətlə istifadə edən rejissorlardandır. O, 2002-ci ildə ilk dəfə rejissor debütünü edir, kəskin süjetli “Güllələnmə təxirə salınır” psixoloji dramını çəkib. Filmin mövzusu bir qrup gəncin 1941-1945-ci illər müharibəsindən sonra insanlara göstərdikləri köməkdən və başsız qalmış ailələri qorumalarından bəhs edir. Hüquqi baxımdan bu cavanlara “oğru” deyilsə də, haqqı nahağa verməyən gənclərin davranışı insanlar arasında qəhrəmanlıq kimi qarşılanır.
   Sənətkar hazırda Bakı Slavyan Universitetində foto jurnalistikasından dərs deyir. O, qayğıkeş ər, mehriban ata kimi də ailəsinin məsuliyyətini daşıyır, övladlarının qayğısına qalır. Milli kinomuza dəyərli töhfələr verən, peşə borcunu layiqincə yerinə yetirən Ələkbər müəllim rejissorluq fəaliyyətini ürək sözlərini müstəqil olaraq bəyan etmə istəyinə bağlayır. “Bu gün də ekranda deməyə sözüm var” - deməklə yeni-yeni filmlər çəkmək həvəsindədir. Biz də ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirik.
   
   Şəhla Bürcəliyeva,
   kinoşünas







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar