Nizami Kino Mərkəzində bayram tədbiri keçiriləcək

2 avqust Azərbaycan Kinosu Günüdür. 1898-ci ilin bu günündən başlanan kino salnaməmizin ötən illəri enişli-yoxuşlu dövrlər, müxtəlif mərhələlərlə yadda qalıb. Artıq 22 ildir müstəqil olan Azərbaycanda kinematoqrafiya da, mədəniyyət və incəsənətin digər sahələri kimi, yeni inkişaf yoluna qədəm qoyub.

Prezident İlham Əliyevin 4 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” əsasında milli kinematoqrafiya sənayesinin dövrün tələblərinə uyğun yenidən qurulması istiqamətində işlər görülür. Azərbaycan kinosunun yeni nümunələri dünyaya çıxır, beynəlxalq festival və müsabiqələrdə nümayiş olunur, kiçik də olsa, uğurlar qazanır.
Avqustun 2-də kino işçilərinin peşə bayramı münasibətilə Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə təntənəli tədbir keçiriləcək.
Dövlət və hökumət nümayəndələrinin, mədəniyyət və incəsənət xadimlərinin iştirak edəcəyi tədbirdə nazirliyin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında 2013-cü ildə istehsal olunmuş "Dərvişin qeydləri" bədii filminin təqdimatı olacaq.
Yeni ekran əsərinin quruluşçu rejissoru Eldar Quliyev, ssenari müəllifləri Eldar Quliyev və İlqar Fəhmi, quruluşçu operatoru Yuri Varnovski, quruluşçu rəssamları Mais Ağabəyov, Əziz Məmmədov, bəstəkarı Siyavuş Kərimi, icrası prodüseri Vladimir Dudniçenkodur. Filmdə Fuad Poladov, Pərviz Məmmədrzayev, Qurban İsmayılov, Kənan Mahmudov, Şövqi Hüseynov, Bəhruz Əhmədli, Cavanşir Hadıyev, Cəfər Namiq Kamal, Rafiz Mehdizadə, Vidadi Həsənov, Elnar Qarayev, İsa Əsədov kimi aktyorlar rol alıblar.
Mərasimdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Milli Kino Mükafatı da təqdim olunacaq. Bu il mükafata görkəmli aktyor, qocaman sənətkar, Xalq artisti Ələddin Abbasov layiq görülüb. Xatırladaq ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ötən il təsis etdiyi mükafatın ilk laureatı unudulmaz aktyor, Xalq artisti Yaşar Nuri olmuşdu.
Azərbaycan Kinosu Günü bölgələrdə də qeyd olunacaq. Əlamətdar gün münasibətilə 40-dək şəhər və rayonda "Dolu" bədii filmi nümayiş etdiriləcək. Qarabağ müharibəsindən bəhs edən ekran əsəri 2012-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar