Qazaxıstanlı rejissor Sergey Dvorsevoyun böyük ekrana çıxandan bəri festivallarda çoxlu mükafatlar qazanan “Ayka” filmi 2019-cu ilin “Oskar” mükafatına iddiaçılar sırasındadır. Film “Xarici dildə ən yaxşı film” nominasiyası üzrə uzun siyahıya (long list) daxil edilib.

Amerika Kino Akademiyasının saytındakı məlumatda qeyd olunub ki, eyni kateqoriyadan Konstantin Xabenskinin “Sobibor” (Rusiya), Darya Jukun “Büllur” (Belorus), Sergey Loznitsanın “Donbass” (Ukrayna) – ümumilikdə 87 xarici film “Oskar” mükafatı uğrunda mübarizə aparır. Mükafata namizəd filmlərin qısa siyahısı yanvarın 22-də açıqlanacaq, 91-ci “Oskar” mükafatının qalibləri isə fevralın 24-də elan ediləcək.

“Ayka” filmi Moskvada qeyri-leqal yaşayıb işləyən gənc qırğız miqrant qızın taleyindən bəhs edir. Ayka arzuolunmaz hamiləlikdən sonra övladından elə doğum evində imtina edir. Lakin zaman keçdikcə analıq hissi hər şeyə üstün gəlir və o, atdığı oğlunu çarəsizcəsinə axtarmağa başlayır.

GÜLCAHAN