Avqustun 3-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “İlin gənc kinematoqrafı” milli mükafatı sahiblərinə təqdim edilib.
Tədbir Gənclər və İdman Nazirliyi, “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzi və Bakı Film İnstitutunun dəstəyi ilə reallaşıb. Mükafatın qalibləri 2012-2013-cü illərdə istehsal olunmuş qısametrajlı bədii, sənədli və animasiya filmləri müsabiqəsinin nəticəsinə əsasən müəyyən edilib.
Təqdimat mərasimindən əvvəl Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Yusif Şeyxov, “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin rəhbəri Fehruz Şamıyev və digər çıxış edənlər müsabiqənin əhəmiyyətindən danışıblar. Bildirilib ki, məqsəd peşəkar və həvəskar gənc rejissorların filmlərini üzə çıxarmaq, onların təcrübəli kino xadimləri ilə ünsiyyətinə nail olmaq, gələcək yaradıcılığa həvəsləndirməkdir.
Müsabiqəyə gənclər tərəfindən 26 bədii, 10 sənədli, 4 animasiya filmi göndərilib. Seçim komitəsi münsiflər heyətinin diqqətinə 15 film təqdim edib.
“İlin gənc kinematoqrafı” milli mükafatı 9 nominasiya üzrə seçilib. “Ən yaxşı bədii film” nominasiyasında rejissor Fariz Əhmədovun “Mayak”, “Ən yaxşı sənədli film” üzrə rejissor Seyran Mahmudoğlunun “Neft adamı”, “Ən yaxşı animasiya filmi” üzrə rejissor İlkin Yusifin “13” filmləri mükafata layiq görülüb.
Emin Əfəndiyev (“Yuva”) “Ən yaxşı gənc rejissor”, Elnur Əliyev (“Alınmaz qalanın qəhrəmanları”) “Ən yaxşı gənc prodüser”, Möhsün Quliyev (“Piyada”) “Ən yaxşı gənc ssenarist”, Rauf Qurbanəliyev (“Paradoks”) “Ən yaxşı gənc operator”, Firudin Allahverdiyev (“Yuva”) “Ən yaxşı film musiqisi müəllifi” nominasiyalarında mükafatlandırılıblar. “Səssiz opera” filminə görə Rza Əsgərova müsabiqənin “Xüsusi mükafatı” təqdim edilib.
Mərasimdə həmçinin Bakı Film İnstitutunun məzunlarına sertifikatlar təqdim edilib.