Ənənəvi festivalda müxtəlif ölkələrdən tanınmış ifaçı və kollektivlər iştirak edir
Bakıda növbəti beynəlxalq caz festivalı başlanıb. Oktyabrın 14-də “Elektra Events Hall”da açılışı keçirilən festival Mədəniyyət Nazirliyi, “Jazz dünyası” jurnalı, “A+A Events” şirkəti və “The Landmark Hotel Baku”nun təşkilatçılığı ilə gerçəkləşir.
Mərasimdə festivalın əhəmiyyətindən söz açıldı, bu layihənin ölkəmizdə hər il keçirilən müxtəlif musiqi festivalları arasında məxsusi yerinin olduğu vurğulandı. Qeyd olundu ki, müasir Azərbaycan musiqi mədəniyyətinin mühüm istiqamətinə çevrilən caz Bakıda ötən əsrin 20-30-cu illərindən yayılmağa başlayıb. Görkəmli sənətkarlar Tofiq Quliyev və Niyazi 1940-cı ildə ilk caz orkestrini yaradıblar. Kollektiv qısa zamanda populyarlıq qazanıb.
Respublikamızda caz sənətinin ən yüksək inkişaf dövrü isə 1950-1960-cı illərə təsadüf edir. Bu dövrdə tanınmış instrumental ifaçı, dirijor, estrada orkestrinin yaradıcısı Tofiq Əhmədovun mühüm xidmətləri olub. Bununla yanaşı, Qara Qarayev, Niyazi, Tofiq Quliyev və Rauf Hacıyevin dəstəyi ilə Azərbaycanda estrada və caz musiqisinin ikinci həyatı yaşanır. “Qaya” kvarteti, Rafiq Babayevin kollektivi və nəhayət, Vaqif Mustafazadə dövrü başlanır. Vaqif Mustafazadə Şərq muğamını Qərb dinləyicisi üçün anlaşılan dildə, yəni caz ruhunda, yurdunun dinləyiciləri üçün isə cazı doğma, onlara yaxın olan muğam dilində çatdıraraq sevdirdi.
İndi də ölkəmizdə caz musiqisinin öz dinləyici auditoriyası və pərəstişkarları var, yüksək istedadı və ifa səviyyəsi ilə tanınan musiqiçilər yetişib. Onlar beynəlxalq caz festivallarında Azərbaycanı layiqincə təmsil edirlər. 2002-ci ildən başlayaraq Bakıda müxtəlif təşkilatlar tərəfindən caz festivalları keçirilirdi. 2009-cu ildən isə Bakı Beynəlxalq Caz Festivalı Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşır.
Ötən illərdə olduğu kimi, bu dəfə də festivala dünya cazının tanınmış simaları qatılıb.
Sonra festivalın ilk konsert proqramı başladı. Gecədə tanınmış Britaniya soul-ifaçısı və bəstəkar, həmin gün 50 yaşını qeyd edən Omar Lye-Fuk çıxış etdi. Onu cazın Britaniya neo-soul istiqamətinin “atası” adlandırırlar. Müxtəlif müsabiqə və festivalların iştirakçısı olan musiqiçinin ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
Oktyabrın 15-də festival çərçivəsində Beynəlxalq Muğam Mərkəzində hazırda xaricdə yaşayan tanınmış bakılılar – populyar pianoçu Leonid Ptaşka və virtuoz gitaraçı Həsən Bağırov çıxış etdi.
Konsertdən əvvəl uşaqlıq xatirələrini tamaşaçılarla bölüşən ifaçılar Bakıda təhsil aldıqları musiqi məktəblərinə və müəllimlərinə ehtiramlarını ifadə etdilər. Yaxınlarının da İsraildən bu festivalı izləmək üçün gəldiyini bildirən Leonid Ptaşka 30 illik ayrılıqdan sonra atasının yenidən Bakıda öz dostları ilə birlikdə konsert salonunda görməyindən çox xoşbəxt olduğunu vurğuladı. Bildirdi ki, ilin çox hissəsini qastrollarda və piano arxasında keçirsə də, bugünkü konsert onun həyatında özəl bir günə çevrilir.
Gitaraçı Həsən Bağırov isə bir neçə gün bundan əvvəl elə bu səhnədə mədəniyyət naziri Əbülfəs Qarayevin ona “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adının vəsiqəsini və döş nişanını təqdim etdiyini diqqətə çatdırdı. O, sənətinə verilən qiymətə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirdi.
Hər iki musiqiçi artıq dünyada öz populyarlığını qazanan Bakı Caz Festivalının təşkilatçılarına təşəkkürlərini dilə gətirdilər. Sevinc, zarafat, gülüş və musiqi dolu gecənin ilk notlarından ifaçıların Azərbaycan musiqisinə bələdliyi hiss olunurdu. “Bakıda payız” adlı kompozisiya ilə başlanan gecə həzin, şux ifalarla davam etdi.
Qeyd edək ki, Leonid Ptaşka İsrail cazının ən populyar nümayəndələrindən biri sayılır, adı dünyanın 100 ən yaxşı cazmeni siyahısında yer alır. Həsən Bağırov Moskva və Sankt-Peterburqun aparıcı caz gitaraçılarındandır. Sankt-Peterburq Mədəniyyət Akademiyasında caz sənətindən dərs deyən musiqiçi Azərbaycanla da əlaqələrini davam etdirir.
* * *
Həmin gün axşam “Rotunda Jazz Club”da (Landmark) rəssam Cəmalə Rəhmanlının “Azərbaycan caz labirinti” adlı sərgisi açılıb. Sərgidə müəllifin caz tariximizi əks etdirən fotoları nümayiş olunur.
C.Rəhmanlı sərginin əhəmiyyətindən söz açaraq bildirib ki, ekspozisiyada caz tariximizin müxtəlif səhifələri ilə yanaşı, 1930-1940-cı illərdən bu günədək Azərbaycanın görkəmli caz ifaçılarının fotoları yer alır.
* * *
Oktyabrın 16-da gündüz “Rotunda Jazz Club”da almaniyalı cazmen Uve Steinmetzin iştirakı ilə ustad dərsi, axşam isə konsert keçirilib.
Qeyd edək ki, oktyabrın 28-dək davam edəcək festivalın konsert proqramları “Rotunda Jazz Club” və Beynəlxalq Muğam Mərkəzinin səhnəsində təqdim edilir.
Festivala 10-dan çox xarici ölkədən cazmenlər qatılıb.
Festival proqramına Əfqan Rəsul, Elvin Bəşirov, Nurlan Abdullazadə (Azərbaycan), Laura Poldvere (Estoniya), Jan-Kristof Şoletin triosu (Fransa), “Music, music, music” qrupu (İsveç), Uv Steinmetz (Almaniya), Can Cankaya və Kağan Yıldız (Türkiyə), Martin Saleminin triosu (Belçika), Helge Leinin triosu (Norveç), “Kodaly Spicy Jazz” qrupu (Macarıstan), Mişel Pippokuino (Braziliya), Ruben Xainin triosu (Hollandiya), Qreqori Maret – Kristi Daşel qrupunun (ABŞ) çıxışları daxildir.
Festival çərçivəsində, həmçinin 15-18 oktyabr tarixində gənc caz ifaçılarının ənənəvi beynəlxalq müsabiqəsi keçirilir.
FARİZ, LALƏ