Xəbər verdiyimiz kimi, İtaliya Respublikası Prezidentinin Kuirinale Sarayının Kapella Paolina zalında hər həftənin bazar günləri keçirilən, “Rai 3” ictimai radiosu ilə canlı yayımlanan “Kuirinale Konsertləri”nin (Concerti del Quirinale) 14 oktyabr buraxılışı Azərbaycan musiqilərinə həsr olunub.
Layihənin aparıcısı professor Stefano Katuççi çıxış edərək konsertin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və muğamın UNESCO-nun siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə Heydər Əliyev Fondu, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Azərbaycanın İtaliyadakı səfirliyinin birgə təşkilatçılığı ilə ərsəyə gəldiyini deyib. O, Azərbaycanın musiqi mədəniyyəti barədə danışıb, Qarabağın Azərbaycan muğamının beşiyi, Şuşanın Azərbaycan musiqi sənətinin mərkəzi olduğunu, Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin Şuşada boya-başa çatdığını diqqətə çatdırıb.
Sonra ilk olaraq səhnəyə “Belcan-Tar” ansamblının üzvləri – Əməkdar artist, tarzən Sahib Paşazadə, violonçelist Pierluici Rucciero, skripkaçı Zoltan Banfalvi, pianoçu Luçiano Di Ciandomeniko dəvət olunublar. Ansamblın ifasında Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra, “Arazbarı”, Qara Qarayevin “Yeddi gözəl” baletindən “Vals”, Fərhad Bədəlbəylinin “Şuşa”, Həsən Rzayevin “Çahargah rapsodiyası” kimi əsərlər səsləndirilib.
Konsertin ikinci hissəsində “Qarabağ” musiqi qrupunun rəhbəri, Xalq artisti Mənsum İbrahimov, qrupun üzvləri – əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), Kamran Kərimovun (nağara) ifasında “Mahur” təsnifi, “Qara tellər”, “Axtarma məni”, “Ay Laçın”, “Aman ovçu”, “Mehriban olaq”, “Qarabağ” muğam, xalq və bəstəkar mahnılarımız təqdim olunub.