Azərbaycan

20 oktyabr 1910 – İlk azərbaycanlı qadın teatr rəssamlarından İzzət Əli qızı Seyidova (20.10.1910 - 30.11.1973) anadan olub. Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda oxuyub, 1938-ci ildən Opera və Balet Teatrında fəaliyyət göstərib.

20 oktyabr 1913 – Tanınmış şair Əhməd Cəmil (Əhməd Səttar oğlu Cəmilzadə, 1913 - 27.9.1977) İrəvanda doğulub. Rus, Ukrayna, gürcü, belorus, özbək şairlərinin əsərlərini Azərbaycan dilinə tərcümə edib.

20 oktyabr 1917 – Xalq artisti, opera müğənnisi İdris Fərhad oğlu Ağalarov (1917- 4.5.1975) anadan olub.

20 oktyabr 1922 – Xalq artisti, müğənni Şövkət Feyzulla qızı Ələkbərova (1922 - 7.2.1993) anadan olub.

20 oktyabr 1929 – Bakıda Ümumazərbaycan yazıçılarının ikinci qurultayı keçirilib.

 

21 oktyabr 1932 – Xalq şairi, ədəbiyyatşünas, ictimai xadim Xəlil Rza Ulutürk (Xəlil Rza oğlu Xəlilov; 1932 - 22.6.1994) Salyan rayonunun Pirəbbə kəndində anadan olub.

21 oktyabr 1932 – Aşıq Kamandar (Əfəndiyev Kamandar Həmid oğlu, 1932 - 25.10.2000) Borçalı mahalında – Gürcüstanın Marneuli rayonunun Kürüstü Kəpənəkçi kəndində anadan olub.

 

22 oktyabr 1919 – Bəstəkar Ərtoğrul Hüseyn oğlu Cavid (1919 - 14.10.1943) anadan olub. Romans və mahnılar bəstələyib, xalq mahnılarını nota köçürüb.

22 oktyabr 1921 – Azərbaycan xalçaçılıq sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Kamil Müseyib oğlu Əliyev (1921 - 1.3.2005) İrəvan şəhərində doğulub.

 

23 oktyabr 1940 – Azərbaycan Rəssamlar İttifaqının birinci (təsis) qurultayı işə başlayıb.

23 oktyabr 1953 – Tanınmış xanəndə Səxavət Əmirxan oğlu Məmmədov (1953 - 30.9.1991) Ağdam rayonunun Abdal-Gülablı kəndində doğulub.

 

Dünya

 

20 oktyabr – Beynəlxalq kulinariya günüdür (İnternational Chefs Day). 2004-cü ildə Dünya Kulinariya Cəmiyyətləri Assosiasiyası tərəfindən təsis olunub.

20 oktyabr 1854 – Fransız şairi, poeziyada simvolizmin banilərindən biri Artur Rembo (Jean Nicolas Arthur Rimbaud; 1854-1891) anadan olub.

20 oktyabr 1919 – Başqırd şairi Mustay (Mustafa) Kərim (1919-2005) anadan olub.

 

21 oktyabr 1833 – İsveçli mühəndis, ixtiraçı, Nobel mükafatlarının təsisçisi Alfred Nobel (Alfred Bernhard Nobel, 1833-1896) Stokholmda doğulub.

21 oktyabr 1945 – Rus kinorejissoru və aktyoru Nikita Mixalkov anadan olub. “Günəşdən yorulmuşlar” filmi “Oskar” mükafatına (1994) layiq görülüb.

 

22 oktyabr 1811 – Macar bəstəkarı Ferens List (Ferenc Liszt; 1811 - 31.7.1886) anadan olub. Məşhur əsərləri: “Faust” simfoniyası, “Macar” rapsodiyası, “Prelüdlər”.

22 oktyabr 1870 – Rus yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1933) İvan Bunin (1870 - 8.11.1953) anadan olub.

22 oktyabr 1919 – İngilis yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2007) Doris Lessinq (Doris Lessing; 1919 – 17.11.2013) İranın Kirmanşah şəhərində doğulub. Atası İranda ingilis ordusunun zabiti olub.

 

23 oktyabr 1920 – İtalyan uşaq yazarı Canni Rodari (Gianni Rodari, 1920-1980) anadan olub. “Çipollinonun sərgüzəştləri” əsəri ilə məşhurlaşıb.

Hazırladı:  Vüqar ORXAN