Diqqət, film çəkilir!
   
   
   Ötən saylarımızda C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Polkovnikin xəzinəsi” adlı yeni filmin çəkilməsi haqda məlumat vermişdik. Avqustun 14-dən artıq yeni ekran əsərinin çəkilişləri başlanıb.
   
   Kinostudiyanın pavilyonunda qızğın iş prosesinə qatılan yaradıcı heyət böyük həvəslə ərsəyə gətirəcəkləri filmin uğurlu alınması üçün əllərindən gələni əsirgəmirlər. Budur, pavilyondayıq. Çəkiliş prosesinin “qaynar” vaxtıdır.
   Yeni ekran əsərini tanınmış rejissor, Əməkdar incəsənət xadimi, sevə-sevə izlədiyimiz “Qızıl uçurum”, “Yuxu” kimi filmlərin rejissoru Fikrət Əliyevin quruluşunda ərsəyə gətirilir. Filmin ssenari müəllifləri yazıçı İlqar Fəhmi və Fikrət Əliyevdir.
   Fikrət müəllim çəkilişlərdən öncə filmlə bağlı fikirlərini bizimlə bölüşmüşdü: “Filmin ideyası yarananda fikirləşdim ki, ssenarinin daha maraqlı alınması üçün müşahidəyə ehtiyac var. Bu səbəbdən 10 gün Bilgəhdəki “Qocalar evi”nin “sakin”inə çevrildim. Sözsüz ki, ora nə məqsədlə gəldiyimi baş həkimdən başqa heç kim bilmirdi. Hamı məni adi sakin kimi qəbul edirdi, insanlarla təmasda olurdum, onlar dərd-sərlərini mənimlə paylaşırdılar. Burada yaşayan 180 ahılın hər birinin maraqlı və qəmli həyat hekayəti var. Əlbəttə ki, biz bunların hamısını bir filmə yerləşdirə bilməzdik. Çalışmışıq ki, ssenaridə qocalığın yalnız kədərli anlarını yox, həm də komik məqamlarını üzə çıxaraq. Qocalar evində tərtib etdiyim gündəliyi gətirib yazıçı İlqar Fəhmiyə verdim və ssenariyə əlavə etdik. Hər kəs bu filmə baxıb özü üçün bir nəticə çıxaracaq. Kimisi güləcək, kimisi ağlayacaq, kimisi isə düşüncələrə qapılacaq”.
   Bu gün isə rejissor pult arxasındadır və deyir ki, filmi çəkməyə başladımsa, heç bir müsahibəyə həvəsim olmur. İş prosesində gərginlik, əsəbilik, eyni zamanda hələlik heç bir nəticə yoxdursa, əvvəlcədən danışıb öyünməyi yersiz sayıram. İnşallah filmi çəkib qurtaraq, əgər normal bir iş ərsəyə gətirmişiksə, ondan sonra danışmağa, söz deməyə haqqımız çatar. O zaman ürəkdolusu söhbət edərik.
   Film ironik-komediya janrında çəkilir. Süjet xətti yaşlı polkovnikin macərası üzərində qurulub. Süjet boyu tamaşaçılar maraqlı xarakteri və taleyi olan digər insanlarla da tanış olurlar. “Qocalar evi”ndə bir çox sakinlər bir-biri ilə ailə həyatı qurur, heç olmasa ömürlərinin son illərini tənha yaşamaq istəmirlər. Həmin polkovnikin də arzusu burada evlənmək olur. Filmin kulminasiya nöqtəsi polkovnikin pulunun itməsi ilə bağlıdır. Sən demə, o, pullarını samovarın içərisində də saxlayırmış. Zabit pul qoyduğu yeri unudur. Günlərin birində sakinlərlə bərabər samovar çayı içir və qəfildən pulların yerini xatırlayır...”.
   “Qocalar evi” kinostudiyanın pavilyonunda qurulub. Pavilyondakı bu kiçik otaq necə də dəqiqliklə həmin ab-havanı yaradır. Xalq artisti Arif Quliyevin çəkiləcəyi kadrlara hazırlıq prosesidir. Bir dubl, iki dubl... Rejissorun komanda səsi eşidilir... Çəkildi!
   Filmin operatoru Əməkdar incəsənət xadimi Kənan Məmmədovdur. Fasilədə tanınmış operatora yaxınlaşıb fikirlərini öyrənirik: “Filmin maraqlı mövzusu var. Hələ kino tariximizdə bu mövzuya müraciət olunmayıb. Güman edirəm ki, maraqlı bir film alınacaq. Burada komediya da var, az da olsa, detektiv də. Filmdə yaşa dolmuş insanlar arasında münasibətlər, onların həyata baxışları öz əksini tapacaq. İnanıram ki, film hazır olandan sonra tamaşaçılar tərəfindən maraqla qarşılanacaq”.
   Arada tez-tez rejissorun yaradıcı heyətdən kimisə xəbər aldığını eşidirəm. Bəlli olur ki, filmin ssenaristinin gəlişi səbirsizliklə gözlənilir. Nəhayət, filmin ssenari müəllifi İlqar Fəhmi də çəkiliş meydançasında görünür. Rejissor onu pult arxasına dəvət edir. Məsləhətləşmələr, maraqlı təkliflər və xoş əhval-ruhiyyəli bir çəkiliş günü arxada qalır.
   Öyrənirik ki, yeni ekran işinin ilk adı “Polkovnikin xəzinəsi” olsa da, tamaşaçılara “Axırıncı dayanacaq” adı ilə təqdim ediləcək.
   Çəkilişlər zamanı filmin ikinci rejissoru Akif Rüstəmov, rejissor köməkçisi Xədicə Qarayeva vaxt tapıb yaradıcı heyətin siyahısı ilə məni tanış edirlər. Filmin quruluşçu rəssamı İbrahimxəlil Əminov, geyim üzrə rəssamı Aygün Əliyeva, bəstəkarı Aygün Səmədzadə, prodüseri Ülvi Qasımovdur. Baş rollarda xalq artistləri Fuad Poladov, Arif Quliyev, Tariyel Qasımov, Ağaxan Salmanlı, əməkdar artistlər Vahid Əliyev, Səmayə Musayeva, Zemfira Sadıqova və digərləri çəkilirlər.
   
   Lalə Azəri






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar