“Azərbaycan musiqisi ilə bağlı təəssüratımı doya-doya bölüşə bilərəm. Bu musiqi, xüsusən də muğam mənim üçün ekzotik, nağılvarı bir dünyadır”
Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez ilə müsahibəni təqdim edirik.
- Artıq 26 ildir ki, Azərbaycanla Fransa arasında diplomatik münasibətlər mövcuddur. Bu dövrə nəzərən iki ölkə arasında əlaqələr barədə qısa olaraq nə deyərdiniz?
- Fransa ilə Azərbaycan arasındakı münasibətlər əladır, siyasi dialoq və iqtisadi mübadilələrlə yanaşı, digər sahələri, mədəniyyət, elm və təhsili də əhatə edir. Siyasi dialoq ən yüksək səviyyədədir, ölkələrimizin başçıları arasında müntəzəm görüşləri, nazirliklərarası görüşləri və Minsk qrupunun həmsədri kimi Fransanın rolunu nəzərə alaraq səfir Stefan Viskontinin regiona səfərlərini qeyd etmək olar. Fransa Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həllinə tamamilə sadiqdir. İki ölkə arasında yüksək səviyyəli siyasi danışıqlar bütün mövzular, əsasən də regional və beynəlxalq məsələlər üçün etibarlı və açıqdır. Azərbaycanın dövlət qurumları və universitetlərilə təhsil sahəsində əməkdaşlıq üzərində fəal şəkildə işləyir, bununla ölkənin gənc nəslinin gələcəyi naminə birgə çalışırıq. İqtisadi münasibətlərimiz əsasən yüksək texnologiyalara yönəlib.
Mən əminəm ki, Prezident İlham Əliyevin iradəsi ilə başlayan iqtisadi islahatların davam etdirilməsi qeyri-neft sektoruna, xüsusilə də nəqliyyat, ətraf mühit və qida sənayesi sahələrinə investisiyaların yatırılmasını təşviq edəcək. Bu sektorlarda fransız şirkətləri artıq əhəmiyyətli sazişlərə imza atıblar və öz fəaliyyətlərini gücləndirmək arzusundadırlar. Fransanın və Azərbaycanın şəhərləri arasında “qardaş şəhərlər” sazişləri əsasında əməkdaşlığın böyük potensialını da vurğulamaq lazımdır.
Mən sevinirəm ki, bu il bizə, həmçinin III Fransa Respublikasına yaxın olan və bu baxımdan Azərbaycana dəyərli bir miras qoyan 1-ci Azərbaycan Respublikasının 100 illik yubileyini qeyd etmək imkanı verdi.
- İyul ayında Azərbaycan Prezidentinin Fransaya səfəri zamanı iki ölkənin şirkətləri arasında yeni müqavilələr imzalandı. Geniş iqtisadi əməkdaşlıq fonunda mədəni-humanitar əlaqələri necə xarakterizə edərdiniz? Bakıda fəaliyyət göstərən Fransız Liseyi, Fransa-Azərbaycan Universitetinin bu əlaqələrə töhfəsini necə görürsünüz?
- Şübhəsiz ki, bu il ikitərəfli münasibətlərimizin ən mühüm məqamı 19-20 iyul tarixində Prezident İlham Əliyevin Parisə səfəri oldu. Fransa və Azərbaycan prezidentlərinin görüşü bir çox ikitərəfli və regional məsələlər barəsində danışmağa imkan yaratdı. Azərbaycan Prezidenti Milli Assambleyanın sədri Fransua de Rugi və Fransa Senatının sədri Jerar Larcher, həmçinin “Thales International”, “TOTAL”, “Airbus Group”, “SUEZ”, “Bouygues Travaux Publics”, “SADE”, “CIFAL” , “IVECO France”, “Rothschild & Co”, “Wilmotte & Associates”, “Naval Group” kimi mühüm şirkətlərin başçıları, Fransanın Beynəlxalq Əlaqələr İnstitutunun (IFRI) baş direktoru Tyerri de Montbrial ilə görüşdü. Bütün bunlar fransız şirkətlərinin Azərbaycana maraqlarını göstərir. Azərbaycan Fransanın Cənubi Qafqazda aparıcı iqtisadi tərəfdaşıdır. Fransız şirkətləri neft-qaz və neft məhsulları sektorunda, kənd təsərrüfatı, bank, telekommunikasiya, nəqliyyat, şəhərsalma və turizm sahələrində yaxşı mövqe tutur. Onlar Azərbaycan iqtisadiyyatının uğurlu diversifikasiyası üçün öz töhfələrini verirlər.
Təhsil və mədəniyyət sahəsində ikitərəfli tərəfdaşlığımız uğurla həyata keçirilir və bu, dəyərli bir nümunədir. 2017-ci ilin sentyabrında Bakıda Fransa-Azərbaycan Universitetinin (UFAZ) yeni binasının təntənəli açılışı oldu. Açılışı Azərbaycan və Fransa prezidentləri tərəfindən 2014-cü ilin may ayında rəsmən elan edilmiş UFAZ Fransanın UNISTRA – Strasburq Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əməkdaşlığı nəticəsində yaranıb. Kimya, geofizika, informatika fənləri və neft mühəndisliyi kursları tədris olunur və tələbələrə iki ölkə tərəfindən tanınan diplomlar veriləcək. 2014-cü ildə iki ölkənin prezidentləri tərəfindən açılışı edilən Bakı Fransız Liseyi (LFB) Fransa Milli Təhsil Nazirliyi və ARDNŞ arasında olan tərəfdaşlığın nəticəsidir. Əsasən fransız müəllimlərindən ibarət pedaqoji kollektivin çalışdığı lisey azərbaycanlı və xarici ailələrin övladlarına fransız dilində yüksək səviyyəli təhsil verir. Tədris proqramı Azərbaycanda, Fransada, fransızdilli bir ölkədə və ya anqlo-sakson ölkələrində təhsilin davam etdirilməsinə imkan verəcək şəkildə hazırlanmışdır.
Həmçinin Azərbaycandakı Fransız İnstitutunun (İFA) fəaliyyətini qeyd etmək lazımdır. Onun vəzifəsi fransız dilinin tədrisi və yayılmasını inkişaf etdirmək, Azərbaycanla Fransa arasında tədbirlər təşkil etmək və mədəniyyət sahəsində mübadilələr aparmaqdır. Azərbaycanda fransız dilinin tədrisi sahəsində İFA aparıcı qurumdur. O, eyni zamanda fransız dili (DELF, DALF, TCF) sertifikatlarını almaq üçün imtahan keçirən yeganə qurumdur.
- Fransada Azərbaycanla bağlı çoxsaylı mədəni tədbirlər keçirilir. Bu tədbirlər Heydər Əliyev Fondunun layihələri əsasında, Azərbaycan Mədəniyyət Nazirliyinin iştirakı ilə, eləcə də UNESCO-nun proqramları çərçivəsində təqdim edilir. Fransız xalqı Azərbaycan mədəniyyəti ilə nə dərəcədə tanışdır, bu sahədə əlaqələr necə inkişaf edir?
- Mədəniyyət sahəsində əməkdaşlığımız çox dinamikdir və ikili yanaşma ilə xarakterizə olunur. İlk növbədə, biz Azərbaycanın təşkil etdiyi yüksək səviyyəli mədəni tədbirlərdə Fransanın lazımi səviyyədə təmsil olunmasına çalışırıq.
Məsələn, yaradıldığı vaxtdan bəri Bakı Caz Festivalını dəstəkləyirik, fransalı cazmenlər bu festivalda yaxından iştirak edirlər. Builki festivalda da tanınmış pianoçu Jan-Kristof Şolenin (Jean-Christophe Cholet) caz-triosu uğurla çıxış (20 oktyabr – red.) etdi. Moda dizaynerlərimiz Jan-Klod Jitrua (Jean-Claude Jitrois), Kristof Qilarme (Christophe Guillarmé) və Patrik Boffa (Patrick Boffa) artıq üç ildir ki, «Azerbaïdjan Fashion Week” mötəbər moda tədbirində iştirak edirlər.
Avropada və Çində çox uğurlu keçən turnedən dönən fransız caz müğənnisi Pyer dö Treqomən və muğam ifaçısı Qoçaq Əsgərov arasında gözəl musiqi əməkdaşlığının ərsəyə gəlməsinə töhfə verdik. Onlar bu yaxınlarda Heydər Əliyev Fondunun dəvəti ilə Nəsimi Festivalında iştirak ediblər. 2017-ci ildə fransız rejissor Bakı Turizm Filmləri Festivalının qalibi oldu, bu yaxınlarda isə bizim kinorejissorlarımızdan biri «BakuDoc» sənədli film festivalında mükafat qazandı.
Fransanın Azərbaycandakı səfirliyi və mədəniyyət mərkəzimiz olan Fransız İnstitutu mədəniyyətimizin və fransız dilinin daha da yaxından tanınması, eləcə də Azərbaycan ictimaiyyətinə Fransanın turistik ölkə kimi təbliği üçün bir sıra təşəbbüslər həyata keçirir.
Hər il 21 iyunda Fransada, eləcə də müxtəlif ölkələrdəki səfirliklərimizin iştirakı ilə dünyada Musiqi bayramı (Fête de la Musique) keçirilir. Bu il onu Bakının mühüm mədəniyyət tədbirlərinin də siyahısına daxil etməklə burada da məşhurlaşmasına nail olduq. Gələcəkdə bu bayramı ölkənin digər şəhərlərində də keçirməyə ümid edirik. Hər il aprel ayında gerçəkləşən “Frankofoniya həftələri” çərçivəsində 10-a yaxın ölkənin mədəni irsini təqdim edirik. Bakının bir neçə restoranında keçirilən “Goût de France – Fransa dadı” tədbiri fransız qastronomiyası və fransızsayağı həyat tərzini kəşf etmək üçün gözəl fürsətdir. Bu ilin yayında Azərbaycan mədəniyyətinin tanınmış simaları tərəfindən təqdim edilən “Mon cinéma français” (“Mənim fransız filmim”) layihəsi kinohəvəskarlarına Fransanın məşhur filmlərini kəşf etməyə imkan verdi. Yaxın vaxtlarda Bakıda – Milli İncəsənət Muzeyində iki ölkə arasında arxeologiya sahəsində onillik əməkdaşlığın nəticələrini işıqlandıran bir sərginin açılışı nəzərdə tutulub. Nəhayət, hər ay pulsuz mədəni tədbirlər (kinoseanslar, musiqili axşamlar, yazıçılarla görüşlər) təşkil etməklə “Baku Book Center”in (Bakı Kitab Mərkəzi) inkişafına öz töhfəmizi verməyə şad olarıq.
Bütün bu tədbirlər qarşılıqlı olaraq bir-birimizi kəşf etməyə imkan verən perspektivlərdir və daha çox insanın bu cür tədbirlərə qatılmasından məmnunuq. Bizim yaradıcı şəxsiyyətlərimiz Azərbaycana, onun qədim mədəniyyətinə, xalqınızın ölkənizdə və dünyada mədəni müxtəlifliyi qorumaq arzusuna heyran olublar.
- Azərbaycan musiqisi, ədəbiyyatı ilə nə dərəcədə tanışsınız?
- Ümumilikdə Azərbaycan musiqisi və mədəniyyəti ilə ölkənizə gələndən sonra daha yaxından tanış olmaq imkanı qazandım. Etiraf edim ki, hələlik Azərbaycan ədəbiyyatı nümayəndələrinin çox az sayda adını çəkə bilərəm. Amma Azərbaycan musiqisi ilə bağlı təəssüratımı doya-doya bölüşə bilərəm. Musiqinizlə ilk olaraq mədəni tədbirlərdə tanış oldum. Azərbaycan musiqisi, xüsusən də muğam mənim üçün ekzotik, nağılvarı bir dünyadır. Bilirsiniz ki, xanəndə Qoçaq Əsgərov tez-tez Fransada konsertlər verir. Eyni zamanda Alim Qasımov bu sənəti bizlərə sevdirib. Bu musiqidə bir möhtəşəmlik var. Klassik musiqi nümunələrini də sevə-sevə dinləyirəm və bir sözlə, Azərbaycan musiqisi məni özünə valeh edib.
Söhbətləşdi: Lalə AZƏRİ