Noyabrın 25-də Belarusun paytaxtı Minskdə “Junior Eurovision 2018” mahnı müsabiqəsində ölkəmizi 13 yaşlı Fidan Hüseynova təmsil edəcək. Bununla bağlı “Eurovision” müsabiqələrinin milli yayımçısı – İctimai Televiziya və Radio Yayımları Şirkətində təqdimat keçirilib.
Qeyd edilib ki, Fidanın müsabiqədə oxuyacağı mahnının müəllifləri bəstəkar İsa Məlikov və Azərbaycan dili versiyasının söz yazarı Aytən İsmixanova, mahnıya çəkilən klipin quruluşçu rejissoru Aleksey Krupinadır. Müsabiqənin şərtlərinə görə, mahnının sözlərinin 60 faizi Azərbaycan, 40 faizi isə ingilis dilindədir.
Diqqətə çatdırılıb ki, Fidan Hüseynova 2005-ci ildə anadan olub. Bakıdakı “Oksford” məktəbinin 6-cı sinif şagirdidir, həmçinin, T. Quliyev adına 12 nömrəli Musiqi məktəbində təhsil alır. 2017-ci ildə “Testene Art Baku” beynəlxalq incəsənət festivalında 9-12 yaş arası uşaqlar arasında vokal ifaçılığı üzrə birinci yerə layiq görülüb. Həmçinin “Sanremo Junior 2018” festivalında iştirak edərək üçüncü yeri tutub. 2016-cı ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Fidan Hüseynovanın adı Azərbaycanın gənc istedadlarının “Qırmızı kitab”ına salınıb və o, Prezident təqaüdünə layiq görülüb.