Oktyabrın 14-dən müxtəlif ölkələrdən tanınmış ifaçı və kollektivlərin iştirakı ilə davam edən Bakı Caz Festivalının konsert proqramları sona çatmaq üzrədir. Festival Mədəniyyət Nazirliyi, “Jazz dünyası” jurnalı, eləcə də “A+A Events” şirkəti və “The Landmark Hotel Baku”nun təşkilatçılığı ilə gerçəkləşir.
Oktyabrın 19-da “Rotunda Jazz Club”da festival çərçivəsində növbəti konsert keçirilib. Gecədə Estoniyanı təmsil edən “Laura Poldvere Trio” qrupunun ifasında musiqilər səslənib. Qrupun üzvləri arasında həm Estoniya, həm də Azərbaycan musiqiçiləri yer alıb. “Laura Poldvere Trio”nun çıxışı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Şənbə günü eyni məkanda Fransanın ölkəmizdəki səfirliyi və Azərbaycanda Fransız İnstitutunun dəstəyi ilə “İnitiatives” fransız caz triosunun konserti olub.
Tanınmış pianoçu Jan-Kristof Şolenin başçılıq etdiyi qrupa Gildas Bokle (kontrabas) və Simon Berni (zərb alətləri) daxildir.
“Bu, Bakıya ilk gəlişimizdir. Paytaxtınıza valeh oldum, romantik ab-havası ilə mənə Parisi xatırladır. Bakılı tamaşaçıların cazı qiymətləndirməsi və bu janrı duyması sevindiricidir. Əminəm ki, bizim çıxışımız da dinləyicilərin xoşuna gələcək”, - deyə Jan-Kristof Şole konsertdən öncə keçirilən mətbuat konfransında bildirib.
Caz festivalının koordinatoru Leyla Əfəndiyeva diqqətə çatdırıb ki, gələcəkdə fransız caz ifaçıları ilə bir çox birgə layihələr nəzərdə tutulur. O, Fransa səfirliyinə festivalın keçirilməsində göstərdiyi köməyə görə təşəkkürünü bildirib.
“İnitiatives” triosunun təqdim etdiyi kompozisiya və improvizələr caz həvəskarlarında rəğbət doğurub.
Oktyabrın 22-də “Rotunda Jazz Club”da Azərbaycan caz musiqisi axşamı təşkil olunub. İstedadlı cazmenlər Nurlan Abdullazadə, Əfqan Rəsulun triosu və Elvin Bəşirovun qrupu tamaşaçılar qarşısında çıxış ediblər. Onların ifasında populyar caz hitlərinin improvizələri və müəllif kompozisiyaları səslənib.
Xatırladaq ki, Bakı Caz Festivalı oktyabrın 28-də başa çatacaq.
FARİZ