Azərbaycan

27 oktyabr 1939 – Şair, dramaturq, tərcüməçi, Əməkdar incəsənət xadimi Alla Axundova Moskvada doğulub. “Şərikli çörək”, “Alma almaya bənzər” və s. filmlərin ssenari müəllifidir.

27 oktyabr 1945 – Kinorejissor, Əməkdar mədəniyyət işçisi Akif Rüstəmov Bakıda doğulub. 40-dək ekran əsərində ikinci rejissor kimi çalışıb. “Axırıncı dayanacaq” bədii filminə quruluş verib.

27 oktyabr 1950 – Dirijor, Xalq artisti Ağaverdi Ağa oğlu Paşayev Bakıda anadan olub. F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri, Azərbaycan Milli Konservatoriyasının professorudur.

 

28 oktyabr 1911 – Xalq yazıçısı, dramaturq, akademik, Sosialist Əməyi Qəhrəmanı Mirzə Əjdər oğlu İbrahimov (1911 - 17.12.1993) Cənubi Azərbaycanda anadan olub. “Gələcək gün”, «Böyük dayaq» romanlarının, “Həyat”, “Kəndçi qızı” və s. pyeslərin müəllifidir. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin (1954-1958) sədri olub. Azərbaycan Yazıçılar Birliyinə rəhbərlik edib.

28 oktyabr 1941 - Kinooperator Vaqif Muradov anadan olub. “Mozalan” kinojurnalının bir çox buraxılışlarının operatorudur.

 

29 oktyabr 1937 – Dirijor, Xalq artisti, Dövlət mükafatı laureatı, professor Rauf Canbaxış oğlu Abdullayev anadan olub. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəridir.

29 oktyabr 1941 – Xalq artisti Ağaxan Əli oğlu Salmanlı Bakıda anadan olub.

29 oktyabr 1949 – Tanınmış aktyor Şahin Cəbrayılov (1949 - 5.9.2007) anadan olub.

29 oktyabr 1993 – Zəngilan rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində rayonun 707 kvadrat kilometr ərazisi qəsb olunub, 35 min nəfər yurd-yuvasından didərgin düşüb. Rayonun iqtisadi infrastrukturu, 50-dən çox kitabxana, 30-dan çox klub, 9 mədəniyyət evi talan edilib. Zəngilan Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən kənarda işğal etdiyi yeddinci rayonudur.

 

Dünya

 

27 oktyabr 1782 – İtalyan bəstəkarı, məşhur skripkaçı Nikkolo Paqanini (Niccolo Paganini, 1782 - 27.5.1840) anadan olub.

27 oktyabr 1899 – SSRİ Xalq artisti Mixail İvanoviç Jarov (1899-1949) anadan olub. 1926-1929-cu illərdə Bakı İşçi Teatrında (indiki Rus Dram Teatrı) çalışıb.

 

28 oktyabr Beynəlxalq animasiya günüdür (International Animation Day). 1892-ci ilin 28 oktyabrında fransalı ixtiraçı rəssam Emil Reno ekranda ilk animasiya lentini nümayiş etdirib.

28 oktyabr 1957 – Türkiyə müğənnisi, bəstəkar Əhməd Qaya (1957-2000) Malatyada anadan olub.

28 oktyabr 1967 – Amerika kinoaktrisası Culiya Roberts (Julia Roberts) anadan olub.

 

29 oktyabr 1923 – Ankarada, Türkiyə Böyük Millət Məclisində keçirilən mərasimdə Türkiyə Cümhuriyyəti elan olunub, Mustafa Kamal paşa yeni Cümhuriyyətin ilk prezidenti seçilib.

29 oktyabr 1947 - Amerika aktyoru, “Oskar” laureatı Riçard Dreyfus (Richard Stephen Dreyfuss) anadan olub.

Hazırladı:  Vüqar ORXAN