Qazaxıstanın Karaqanda şəhərində XX Beynəlxalq “Музыкальная Сарыарка” musiqi festivalı keçirilib. Müxtəlif üslub və janrlarda musiqilərin səsləndirildiyi festivalda Qazaxıstan, Türkiyə, Rusiya, Qırğızıstan, Özbəkistan, Tatarıstan və Azərbaycan sənətçiləri iştirak edib. Ölkəmizi festivalda Azərbaycan Dövlət Musiqili Teatrının solisti Eleonora Mustafayeva təmsil edib.

Teatrdan bildirilib ki, həmyerlimiz Qırğızıstanın Xalq artisti Baktıbek İbıkeev və Rusiyanın Xalq artisti Aleksandr Tsiqankovla eyni səhnəni bölüşüb.

E.Mustafayeva Tattimbeta adına Qazaxıstanın Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti altında Ü.Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrənin ariyasını, C.Puççininin “Canni Skikki” operasından Laurettanın ariyasını ifa edib.

İstedadlı aktrisa Musiqili teatrın səhnəsində “Mən dəyərəm min cavana” (Gülnaz), “Talelər qovuşanda” (Nərgiz) və digər tamaşalarda rol alıb.