Hər bir ekran əsəri yaddaşımıza rəngarəng obrazlar qalereyası ilə həkk olunub. O qalereyanı səhifələdikcə sənətkarlarımızın cilaladığı naxış-ifalar gözlərimiz önündə canlanır. Özünəməxsus ifa tərzi ilə tanınan görkəmli aktyor Gündüz Abbasov da sənət həyatı verdiyi obrazlarla kinosevərlərin qəlbində əbədi məskən salıb.
   
   Gündüz Abbasov 1930-cu il noyabrın 20-də Bakının məşhur Dağlı məhəlləsində ziyalı ailəsində anadan olub. Anası tanınmış musiqiçi, böyük dramaturq Cəfər Cabbarlının qardaşı qızı Mələk xanım, atası yazıçı-jurnalist, vaxtilə Bakı kinostudiyasının direktoru işləmiş Şəmsəddin Abbasovdur. Gündüzün uşaqlığı qaynar sənət mühitində-teatrda, kinoda və aktyorlar arasında keçir. Bu səbəbdən onda yaradıcı işə, xüsusilə də rəssamlığa böyük maraq yaranır. 1952-ci ildə Bakı Rəssamlıq Məktəbini, 1961-ci ildə isə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika ixtisasını bitirir.
   Gündüz hələ tələbə ikən ədəbi yaradıcılığa böyük maraq göstərib. Onlarla hekayə, felyeton, məqalə və oçerki dövri mətbuatda dərc olunur. 50-60-cı illərdə “Papasının qızı”, “Canlı körpü” və “Qanadlar” kitabları işıq üzü görür. Bir müddət Azərbaycan Radiosunda gənclər şöbəsinin müdiri işləyir. “Uşaqgəncnəşr”də, “Azərnəşr”də fəaliyyət göstərir, bir çox kitabların redaktoru olur. Sonra “Ədəbiyyat və incəsənət” qəzetində şöbə müdiri vəzifəsində çalışır.
   Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə araşdırmasında göstərir ki, Gündüz Abbasov 1958-1990-cı illər arasında C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi 20-dək filmdə çəkilib, o cümlədən 8 ekran əsərində əsas rollar oynayıb. “Bir qalanın sirri” film-nağılında Elşən, “Aygün”də Elyar, “Bizim küçə”də Rasim, “Leyli və Məcnun”da Zeyd, “Telefonçu qız”da Mehribanın atası, “Vulkana doğru”da Uzun, “Dədə Qorqud”da Baybura, “Babək”də Pərvinin babası və digər filmlərdə yaratdığı bir-birindən maraqlı, koloritli obrazlar vasitəsilə tamaşaçıların sevimlisinə çevrilib.
   1942-ci ildə ekranlara vəsiqə alan “Sovet pəhləvanı” qısametrajlı bədii filmində canlandırdığı baş qəhrəmanın kiçik dostu, balaca çoban obrazı onun kinoda debütü olur. Böyük kinoya gəlişi isə 1958-ci ildə reallaşır. Gündüz Abbasov yazıçı-dramaturq İmran Qasımovun ssenarisi əsasında rejissor Əjdər İbrahimovun çəkdiyi “Onun böyük ürəyi” bədii filmində prokuror Rəcəb obrazını yaradır. Film üç dövrü: Böyük Vətən müharibəsindən (1941-1945) əvvəl, müharibə illəri və müharibədən sonrakı dövrü əhatə edir. Ekran əsərindən məlum olur ki, Rəcəb özü kimi sadə əmək adamlarının əhatəsində böyüyüb. O, cəmiyyətin xoşbəxtliyi naminə vəzifə borcunu şərəflə yerinə yetirir. Prokuror Rəcəbin xarakterindəki ciddilik, insani keyfiyyətləri-vətənpərvərliyi, dostluğa sədaqəti, məhəbbətdə möhkəmliyi film boyu izlənir. Bu obraz Gündüz Abbasovu minlərlə tamaşaçıya istedadlı bir kinoaktyor kimi tanıdır.
   İstedadlı aktyor sonra rejissor Əlisəttar Atakişiyevin “Bir qalanın sirri” film-nağılında yaratdığı Elşən obrazı ilə daha da məşhurlaşır. Kəndləri, obaları susuz qoyan zalım hökmdar Simnar xana qarşı aparılan mübarizə filmin əsas süjet xəttini təşkil edir. Filmdə həkim Eldostu, Usta, Kamran baba, Elşən, Mətanət zalım hökmdara qarşı bir yumruq kimi birləşirlər. Əzab-əziyyət çəkən xalqa kömək etmək üçün böyük səylə mübarizə aparırlar. Elşən güclü xarakterə malik qəhrəmandır. O qüvvətlidir, lakin həkim Eldostu ona daha güclü olmaq üçün oxumağı, bilikli olmağı təklif edir. Buna görə də Elşən oxumağa başlayır. Gündüz mərd və qorxmaz Elşən obrazını bütün dolğunluğu ilə yaratmağa müvəffəq olur.
   Xalq artisti, kinorejissor Həsən Seyidbəylinin “Telefonçu qız” filmində Mehribanın atası rolu Gündüz Abbasovun sevimli ekran işidir. Bu rol aparıcı obraz olmasa da, uğurlu alınsın deyə, sənətkar bütün istedadını sərf edərək istəyinə nail olub.
   Xalq yazıçısı Anarın ssenarisi əsasında çəkilən “Qəm pəncərəsi” filmi yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin həyat səhifələrini və o dövrün acı reallıqlarını ekranda canlandırır. Bu filmdə aktyor qoca Kərbəlayı rolunu oynayır. Rejissor Kərbəlayını kasıb kəndlilərin ümumiləşdirilmiş obrazı kimi təqdim edir.
   Gündüz Abbasov romantik rolların mahir ifaçısı olub. Təsadüfi deyil ki, kinorejissor Ceyhun Mirzəyevin yaratdığı “İşarəni dənizdən gözləyin” filmində Gündüzə şair rolu təklif olunur. Bu personajın prototipi dövrün böyük romantik şairi, nakam taleli Məhəmməd Hadidir. Aktyor bu dəfə də obrazın daxili aləminə nüfuz edə bilir və onun zəngin mənəviyyatını təqdim edir.
   Xalq şairi Səməd Vurğunun məşhur “Aygün” poeması əsasında ekranlaşdırılan eyniadlı filmdə tamaşaçılar çox qısa bir müddət ərzində məhəbbət üçbucağı ilə qarşılaşır. Əmirxan evdən küsüb gedəndən sonra Aygün körpəsi ilə tək qalır. Bu vaxt Elyarın (Gündüz) qəlbində ülvi hisslər oynayır. O, Aygünü bütün varlığı ilə sevir. Bu rol epizodik olsa da, maraqlı aktyor ifası ilə yaddaşlara hopur.
   Görkəmli sənətkar, eyni zamanda “Mozalan” satirik kinojurnalının bir çox süjetlərində də maraqlı obrazlar yaradıb. Həmçinin Ukraynanın A.Dovjenko adına kinostudiyasının istehsalı olan “Piliqrim”in kapitanı” bədii filmində qoca dənizçi rolunu da ustalıqla ifa edib. Aktyor sonuncu dəfə rejissor Fikrət Əliyevin “Yuxu” filmində çəkilib. Əsərdə müşahidə edirsən ki, yorğun, qayğılı və həyatın hər üzünü görmüş bağban Hidayət kişi elə aktyorun özüdür.
   Gündüz Abbasov kinoaktyor kimi uğurlu fəaliyyəti ilə yanaşı, görkəmli adamlarla görüşləri barədə xatirələrini də qələmə alıb. “Keçmişsiz” adlı romanı başa çatdırmağa isə ömür vəfa etmir. Sənətkar 1995-ci il avqustun 21-də dünyasını dəyişib.
   
   Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar