Qırğızıstanın paytaxtı Bişkekdə MDB ölkələri gənclərinin “Ümid” VI kinoforumu işə başlayıb. Oktyabrın 28-dək davam edəcək forumun açılış mərasimində Qazaxıstan rejissoru Adilxan Erjanovun “Dünyanın mehriban biganəliyi” filmi nümayiş etdirilib. Filmin dünya premyerası 2018-ci ilin may ayında Kann festivalında olub.
Forum çərçivəsində üç proqram – qısametrajlı bədii filmlərin beynəlxalq və milli müsabiqəsi, eləcə də sənədli filmlər proqramı üzrə ekran əsərləri göstərilir.
Forum günlərində rusiyalı kinoşünas Yevgeni Mayzelin və Almaniyada yaşayan azərbaycanlı rejissor Elmar İmanovun ustad dərsləri keçiriləcək.
Təşkilatçılar deyirlər ki, qızılgül qönçəsinin forumun rəmzi olaraq seçilməsi təsadüfi deyil. Qönçə gözlənilən, tezliklə açılıb parlayacaq gənc istedadın rəmzidir, tikanları isə uğura doğru aparan yoldakı çətinliklərdir. Elə bu forum da gənclərə üzləşdikləri çətinlikləri aşmaqda kömək etmək üçündür. Çünki “Ümid”in məqsədi təkcə yeni adların kəşfi yox, həm də istedadlı gəncliyi dəstəkləməkdir.
GÜLCAHAN