Oktyabrın 24-də Muzey Mərkəzində rəssam Fərhad Həmzəliyevin (1953-2008) əsərlərindən ibarət “Həyat yaradıcılıqdır” adlı rəsm sərgisi açıldı. Sərgi Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə reallaşıb.
Mərasimdə çıxış edən Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov rəssamın yaradıcılığından söz açdı. Bildirdi ki, Fərhad Həmzəliyev sənəti hər şeydən üstün tutan rəssamlardan idi. O, bir neçə il Azərbaycan Memarlıq və İnşaat Universitetinin Təsviri incəsənət kafedrasında pedaqoji fəaliyyət də göstərib.
Onun rəhbərliyi altında rəngkarlıq sənətini öyrənmiş memar və dizaynerlər yetişib. Fərhad Həmzəliyev uzun ömür yaşamasa da, özündən sonra unikal əsərlər yadigar qoyub. Belə sənətkarların yaradıcılığı hər zaman bəyənilir, nümunə kimi gənc rəssamların formalaşmasında böyük rol oynayır.
Diqqətə çatdırıldı ki, sərgidə müəllifin 59 rəngkarlıq, 40 qrafika və 12 bədii keramika əsəri təqdim edilir. Bu sərgi müasir Azərbaycan incəsənətinin daha bir səhifəsini – Fərhad Həmzəliyevin yaradıcılıq irsini yenidən kəşf etməyə imkan verəcək.
Tədbirdə Xalq rəssamı Ağaəli İbrahimov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev və digər çıxış edənlər rəssamın yaradıcılığından, fəaliyyətindən və insani keyfiyyətlərindən söz açdılar, sənətkarla bağlı xatirələrini bölüşdülər. Bildirildi ki, Fərhad Həmzəliyev o yaradıcılıq kateqoriyasına aid adamlardan idi ki, onlar üçün incəsənət, həqiqətən, həyatın yeganə və hər şeydən üstün işidir, mənasıdır.
Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış oldular. Mərhum rəssamın 65 illiyinə həsr olunan sərgi oktyabrın 30-dək davam edəcək.
F.HÜSEYNOV