Qazaxıstanın paytaxtı Astanada Azərbaycanın dünya şöhrətli bəstəkarı, SSRİ Xalq artisti Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsert proqramı təqdim olunub.
Konsert TÜRKSOY-un təşkilatçılığı, Azərbaycanın Qazaxıstandakı səfirliyinin və Astana Şəhər Akimliyinin (qubernatorluğu) dəstəyi ilə reallaşıb.
Əvvəlcə görkəmli bəstəkara həsr edilmiş “Bu həqiqətin səsidir” sənədli filmi nümayiş olunub.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxış edərək vurğulayıb ki, bu musiqi axşamı təkcə Qara Qarayevin 100 illiyi şərəfinə təşkil edilən mərasim deyil, eyni zamanda, Azərbaycan və Qazaxıstanın tarixində iz qoymuş görkəmli mədəniyyət xadimlərinin xatirəsinə ehtiramın nümunəsidir.
Mərasimdə çıxış edən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vüqar Zeynalov yaradıcılığı boyu opera, balet, simfonik və orkestr musiqisi, kantata, filmlər üçün musiqilər daxil olmaqla, yüzdən çox əsər yaradan Q.Qarayevin yüksək fərdi üsluba malik bəstəkar olduğunu deyib. Bildirib ki, harmoniya və melodik xüsusiyyətləri ilə zəngin olan əsərlərin müəllifi olan bəstəkarın xatirəsi hər zaman ürəklərdə yaşayır. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Qara Qarayevin 100 illiyi Azərbaycanda və müxtəlif xarici ölkələrdə silsilə tədbirlərlə qeyd olunur.
Çıxışlarda vurğulanıb ki, Qara Qarayevin yaradıcılıq irsi musiqinin bütün janrlarını əhatə edir və onun əsərləri dünya musiqi mədəniyyətinin xəzinəsinə daxildir. Əsərlərində müxtəlif xalqlara, müxtəlif zamanlara müraciət edən bəstəkarın yaradıcılığı Azərbaycana və bütün dünyaya məxsusdur.
Sonra Astana Akademik Filarmoniyası orkestrinin (bədii rəhbər – Berik Batırxan) konsert proqramı təqdim olunub. Orkestri azərbaycanlı gənc dirijorlar Mustafa Mehmandarov və Murtuza Bülbül idarə edib.
Konsertdə Q.Qarayevin “Yeddi gözəl”, “İldırımlı yollarla” baletləri, “Leyli və Məcnun” simfonik poemasından parçalar səslənib. Proqram tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb.