Erkan Özoral: “Azərbaycan kinosunun zəngin ənənələri var. Ötən əsrdə çox dəyərli nümunələr yaradılıb və bu gün həmin filmləri sevə-sevə izləyirik”

Qəzetimizin bu sayının diplomat qonağı Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoraldır. Onunla söhbətimiz əlamətdar tarix – Türkiyə Cümhuriyyətinin qurulmasının (29 oktyabr 1923) ildönümü ərəfəsinə təsadüf etdi. 

 

- Cənab səfir, ilk növbədə Türkiyə Cümhuriyyətinin qurulmasının 95 illiyi münasibətilə Sizi və səfirliyin əməkdaşlarını təbrik edir, qardaş ölkənin daha da qüdrətli olmasını diləyirik. Artıq iki ildir ki, Azərbaycana səfir təyin edilmisiniz. Ölkələrarası münasibətlərin inkişafında diplomatların mühüm rolu var. Bu baxımdan fəaliyyətinizin prioritet istiqamətləri nələrdir?

- Xoş sözlərə görə təşəkkür edirəm. Türkiyə ilə Azərbaycan arasında münasibətlər çox sağlam və gözəldir. Bu münasibətləri bar-bərəkətli bir ağaca bənzətmək olar. Ağacın köklərində isə bizim eyni yerdən gəldiyimizi, çox böyük bir ailənin iki üzvü, bir-birimizə qardaş olduğumuzu göstərən nümunəni görmüş oluruq. Çünki Türkiyə ilə Azərbaycan keçmişi bir olan iki dövlət – bir millətdir. Birimizin sevinci o birimizi də sevindirər, kədəri isə kədərləndirər. Ona görə də bizim əlaqələr bütün sahələrdə inkişaf edir. Ancaq mənim burada üzərində ən çox durmağa çalışdığım iş bizim mədəniyyət sahəsində əlaqələrimizdir. Hər zaman söyləyirəm, Anadolu türkləri ilə Azərbaycan türkləri olaraq bir-birimizi çox sevən iki qardaşıq. Bu sevgi xalqlarımız arasında elə bir kök saldı ki, 70 illik ayrılıq, sovet dönəmi bu sevgini bizdən ala bilmədi. Əksinə, daha da gücləndirdi, bizim bir-birimizə həsrətimizi çoxaldıb, sonda vüsalımıza yetişdirdi.

1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra bir-birimizi bərk-bərk qucaqlayaraq bir daha ayrılmadıq. Ancaq mən bütün bu münasibətlərimizdə hələ də yetərli olmayan məqamları görürəm. Bu da özəlliklə mədəniyyət sahəsindədir. Nədən mədəniyyət sahəsində deyirəm, çünki bizim bir millət olduğumuzu göstərən ən önəmli sahə mədəniyyətdir. Baxın, “Mədəniyyət” qəzetinin keçən saylarının birində Dədə Şəmşirin 125 illiyini anma mərasimi ilə bağlı yazı oxudum. Həmin tədbirdə mən də iştirak etmişdim, Türkiyədən də sənətçilər gəlmişdi. Çünki aşıqlar bizim ortaq mədəniyyətimizdir. Mərasimdə onlar sazları ilə öz qəlblərinin atəşini, ürəklərindən keçəni dilə gətirdilər. Bu birgə tədbirdə kimin nə demək istədiyini hamımız anladıq. Hazırda bizim üzərimizə düşən vəzifə aradakı məsafəni azaldıb tez bir zamanda mədəniyyət sahəsində bir-birimizi daha dolğun şəkildə, çox yaxından tanıtmaqdır. Ona görə də mən Azərbaycandan Türkiyəyə, Türkiyədən Azərbaycana gələn hər bir sənətçini, kollektivi alqışlayıram. Çünki bir-birimizi yaxından tanımağımız üçün bu əlaqələr vacibdir.

 

- Doğru buyurdunuz ki, qardaş ölkələr olsaq da, bir-birimizin mədəniyyətini daha dərindən tanımağa ehtiyac var. Bu mənada gələcəkdə qarşılıqlı mədəniyyət həftələrinin keçirilməsi planlaşdırılırmı?

- Bu istiqamətdə düşüncəmizdə genişmiqyaslı bir fəaliyyət planı var. Amma hazırda konkret bir layihə halına gəlməyib. Düzdür, zaman-zaman Türkiyədən sənətçi qruplar, musiqiçilər Azərbaycana gəlir, rəsm sərgiləri və s. keçirilir. Bütün bunları bir tədbir çərçivəsində, böyük bir layihənin tərkibində reallaşdırsaq, daha təsirli və effektiv olar. Bununla bağlı işlərimizi davam etdiririk.

 

- Bu il Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusunun 100 illik yubileyləri hər iki ölkədə qeyd edildi. Bakının işğaldan azad olunmasının 100 illiyi münasibətilə keçirilən möhtəşəm parada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da təşrif buyurmuşdu. Səfirlik olaraq bu istiqamətdə yeni layihələr nəzərdə tutulurmu?

- Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusunun 100 illiyinə çox böyük önəm veririk. İlin sonunadək bu tədbirlər davam edəcək. Maraqlı layihələr planlaşdırırıq. Bu günlərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bir sərgi reallaşdı. Yaxın günlərdə musiqiçilərimiz Azərbaycana səfər edəcəklər, daha sonra şeir günü keçirmək niyyətindəyik. İlin sonuna qədər bu kiçik fəaliyyətlər davam edəcək. Niyə “kiçik” deyirəm, çünki ən böyük layihə 15 sentyabrda iki ölkənin dövlət başçısının qatıldığı möhtəşəm parad idi ki, bunun yanında bizim gördüyümüz işləri, təbii ki, o qədər də böyük adlandırmaq mümkün deyil.

 

- Burada çoxsaylı mədəniyyət tədbirlərində yaxından iştirak edirsiniz. Azərbaycan musiqisi ilə tanışlığınız necədir? Dinlədiyiniz, sevdiyiniz musiqiçilər, əsərlər varmı?

- Azərbaycan musiqisi həm də böyük türk dünyası musiqisinin bir parçasıdır. Biz Türkiyədə, sovetlər dönəmində Azərbaycan musiqilərini Qars musiqisi (Qarsda çoxsaylı Azərbaycan türkləri yaşayır – red.) deyərək dinləyirdik. O zamanlar Azərbaycan musiqisi olduğu söylənməzdi. Amma biz Azərbaycan mahnılarını çox gözəl bilirdik. Bunların sırasında Rəşid Behbudovu qeyd etmək istəyirəm. Ölməz sənətkarın ifalarını təkrar-təkrar dinləyərdik. Türkiyədə Zeynəb Xanlarovanı, mərhum Məmmədbağır Bağırzadəni yaxşı tanıyırlar. Bütün bunlar bizim üçün bütöv, ortaq türk mədəniyyətinin bir parçasıdır. Özüm isə, qeyd etdiyim kimi, Rəşid Behbudov, Məmmədbağır Bağırzadə kimi ifaçılarla bərabər Azərbaycanın klassik musiqilərini, xalq mahnıları və müasir estrada müğənnilərinizi də dinləyirəm.

 

- Bəs ədəbiyyatımızla necə, maraqlanırsınızmı?

- Ədəbiyyatı da vaxtım olduğu qədər oxumağa çalışıram. Klassiklərdən Hüseyn Cavidi, Əhməd Cavadı, Səməd Vurğunu oxuyuram. Müasirlərimizdən isə Anarın romanlarını çox bəyənirəm və vaxt ayırıb mütaliə edirəm.

 

- Azərbaycan teatrları Türkiyədə müxtəlif festivallara qatılır, ara-sıra qastrol səfərlərində olurlar. Amma əlaqələr hələ arzu olunan səviyyədə deyil. Teatrlararası əlaqələri inkişaf etdirmək, qarşılıqlı səfərlər təşkil etmək bu işin xeyrinə olardı...

- Bir neçə gün əvvəl “Səkkiz ölkə - səkkiz şəhər” devizi altında İstanbulda III Beynəlxalq Türk Dünyası Sənədli Filmlər Festivalı təşkil edildi. Ümidvaram ki, bu formatda ortaq teatr festivalları da keçirə bilərik. Azərbaycan teatrları Türkiyəyə tez-tez səfər edir. Türkiyədən isə Azərbaycana nadir halda teatr kollektivləri gəlir. Əslində, bu gediş-gəliş sənətçilər arasında gerçəkləşən dostluq əlaqələri nəticəsində baş verir. Belə sənət adamlarımızı bu işə təşviq edib ortaq bir festival da təşkil etmək yaxşı olar.

 

- Film sənayesi inkişaf edən Türkiyənin Azərbaycanla bu sahədə işbirliyinə necə baxırsınız? Türkiyə-Azərbaycan həmrəyliyinin kino vasitəsilə təbliğinə ehtiyac duyulur...

- Kino sahəsində əlaqələrimizi daha keyfiyyətli şəkildə qurmalıyıq. İki ölkənin yaxınlığını hazırda Türkiyədə istehsal edilən və ən çox baxılan seriallarda da təbliğinin şahidiyik. Bütün dünyada çox sevilən türk serialları var və bunların bəzilərində Azərbaycan sevgisi vurğulanır, Azərbaycan musiqisinə yer verilir. Məsələn, “Əbdülhəmid” adlı serialda Azərbaycanla əlaqəli səhnə var idi. Düşünürəm ki, həm teatr, həm də kino sahəsində əməkdaşlığı genişləndirməliyik. Kino, həqiqətən də, böyük təbliğat vasitəsidir və biz həm öz filmlərimizdə Azərbaycanı təbliğ etməli, həm də müştərək layihələr reallaşdırmalıyıq. Bu istiqamətdə bir sıra layihələr haqqında zamanla ictimaiyyətə məlumat veriləcək.

 

- Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin bu günlərdə yaydığı məlumata görə, türk serialları dünyanın 150 ölkəsinə ixrac olunur və ildə 350 milyon dollar gəlir gətirir. Türkiyənin film-prodakşn şirkətlərinin təcrübəsini bizimlə bölüşməsini, birgə layihələri təşviq etmək olarmı?

- Ortaq bir film ərsəyə gətirmək layihəmiz var. Hər iki ölkənin kino mütəxəssislərinin bir araya gəlməsi gözəl nəticə verə bilər. Bu sahə Türkiyədə özəl şirkətlərə məxsus olduğu üçün biz dövlət olaraq yalnız təşviq edə bilərik. Üzərimizə düşən nə varsa, gerçəkləşdirməyə hazırıq. Bu iş özəl şirkətlərin qarşılıqlı münasibətindən daha çox asılıdır və inanıram ki, qarşıdakı illərdə bu əlaqələr daha da geniş vüsət alacaq. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra kino sənayesində durğunluq yaranmışdı. Son illərdə bu sahədə canlanma başlanıb. Azərbaycan kinosunun çox zəngin ənənələri və potensialı var. Hələ ötən əsrdə çox dəyərli nümunələr yaradılıb və bu gün həmin filmləri sevə-sevə izləyirik. Azərbaycan kinosu bu zəngin özül üzərində çox qısa zamanda dünya bazarına çıxmağı bacarmalıdır.

 

- Azərbaycanın regionları ilə tanışlıq imkanınız olubmu? Türkiyə və Azərbaycanın regionları arasında əlaqələri, xüsusən də mədəni əməkdaşlığı genişləndirmək üçün hansı addımları atmaq mümkündür?

- Azərbaycanın dörd bir yanı ayrı-ayrılıqda bir gözəllikdir. Türkiyənin 10-da biri böyüklüyündə bir ölkə, amma bizdə olan bütün iqlim qurşaqları eyni şəkildə burada da var. İqlim fərqliliyinin yaratdığı rəngarəng gözəlliklər insanı valeh edir. İndi bu mövsümdə Masallıya getmək daha gözəl olar, oraların ormanlarını, payız mənzərələrini görmək insanın ruhunu rahatladar. Qax, Zaqatala bir başqa gözəllik. Qışın gözəlliklərini görmək üçün Qubaya, Şahdağa getmədən olmaz...

Bölgələrarası əməkdaşlığa gəlincə, Türkiyə ilə Azərbaycan şəhərlərinin bir-biri ilə qardaşlaşmasını təşviq edirik. Lakin bir-biri ilə qardaş olmazdan öncə qardaşlığın haqqını da qazanmaq lazımdır. Yəni şəhərlər qarşılıqlı olaraq bir-birini tanıtmalıdır. Bunlara imkan yaratmaq üçün çalışırıq. İndiyə qədər gördüyümüz işlərin yetərli olduğunu deyə bilmərəm. Buna görə də bu sahədə daha çox çalışmağımıza ehtiyac var.

 

- Bəs iki ölkə arasındakı təhsil əlaqələrini necə qiymətləndirərdiniz?

- Hazırda Türkiyə universitetlərində 17 min azərbaycanlı tələbə təhsil alır. Ötən il isə bu rəqəm 15 min idi. Türkiyədən isə Azərbaycanda 2 min tələbə təhsil alır. Bu günə qədər Türkiyədə təhsil almış azərbaycanlıların sayı 125 mindən çoxdur. Buraya ikinci ali təhsil alanlar, eləcə də hərbi və polis məktəblərində oxuyanlar da daxildir. Bizim əsas məqsədimiz ölkələrimizin ehtiyacı olan sahələr və ixtisaslar üzrə təhsili təşkil etməkdir.

 

- Səfirlik olaraq Azərbaycanın Mədəniyyət Nazirliyi ilə əməkdaşlığınız barədə nə deyərdiniz?

- Mədəniyyət Nazirliyi ilə əməkdaşlığımız mütəmadi şəkildə davam edir, müxtəlif sərgilər, təqdimatlar təşkil olunur. Bu günlərdə Bakıda “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” mövzusunda beynəlxalq elmi konfrans keçirildi. Konfrans çərçivəsində “Şirvanşahlar irsi dünya muzeylərində” adlı böyük sərgi təşkil edildi. Sərgidə Şirvanşahlar irsini, bu tarixi dövrü əhatə edən ən mühüm eksponatların bir hissəsi İstanbulun Əsgəri Muzeyindən Azərbaycana gətirilmişdi.

 

- Sonda oxucularımıza sözünüz...

- Bir millətin varlığını yaşadan onun mədəniyyətidir. Bizlər eyni mədəniyyəti paylaşdığımız üçün bir millətik. “Mədəniyyət” qəzeti daim Azərbaycan  mədəniyyətinin bütün sahələrini əhatə edən məlumatları bizlərə çatdırır. Qəzetinizin səhifəsində bizə yer ayırdığınız üçün təşəkkürümü bildirir, kollektivinizə uğurlar arzulayıram.

Söhbətləşdi: Lalə AZƏRİ