Bakı Xoreoqrafiya Akademiyasının (BXA) müəllimləri Ukraynanın Xarkov Dövlət Mədəniyyət Akademiyasında ustad dərsləri keçiblər.
Milli rəqs kafedrasının müdiri, Əməkdar artist Sənan Hüseynli və kafedranın müəllimi, Prezident mükafatçısı Çinarə Quliyevanın ustad dərsləri böyük maraqla qarşılanaraq xarkovlu müəllim və tələbə heyətinə Azərbaycanın milli xoreoqrafiyasına dair təcrübə qazandırıb.
S.Hüseynli və Ç.Quliyeva ustad dərsləri çərçivəsində “Zapovit” Tədris xalq rəqs teatrının iştirakçılarına praktiki məsləhətlər də veriblər.
Xarkov Dövlət Mədəniyyət Akademiyasının Xoreoqrafiya sənəti fakültəsinin dekanı, Ukraynanın Xalq artisti Boris Kolnoquzenko BXA müəllimlərinin keçdikləri ustad dərslərini yüksək qiymətləndirərək bu əməkdaşlığa xüsusi önəm verdiklərini deyib. O, tədris olunan ixtisaslar, beynəlxalq əməkdaşlıq, tələbələrin müxtəlif beynəlxalq festivallarda, müsabiqələrdə iştirakı haqqında BXA-nın müəllimlərinə məlumat verib. Görüşdə gələcək əməkdaşlıq və perspektiv yaradıcılıq layihələri müzakirə olunub.
Xatırladaq ki, Boris Kolnoquzenko Qəmər Almaszadə adına II Beynəlxalq Rəqs Müsabiqəsində münsiflər heyətinin üzvü olub.
Keçirilən ustad dərsləri ilə əlaqədar Sənan Hüseynli və Çinarə Quliyeva xatirə medalları ilə təltif ediliblər. BXA-nın müəllimlərinə işlədikləri qurumun rəhbərinə ünvanlanmış təşəkkür məktubu da təqdim olunub.