Layihənin növbəti konsert proqramı Praqada təşkil olunub
Azərbaycanın Çexiyadakı səfirliyinin, ölkəmizin Karlovı-Varı şəhərindəki fəxri konsulluğunun və Xan Şuşinski Fondunun birgə təşkilatçılığı ilə Praqada “President” hotelində “Könlüm keçir Qarabağdan” adlı konsert proqramı təşkil olunub.
Tədbirin açılışında Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev çıxış edərək Qarabağ muğam və ifaçılıq məktəbinin Azərbaycanın mədəniyyətində, musiqisində yerindən danışıb.
Xan Şuşinski Fondunun rəhbəri, Azərbaycan muğamının mahir ifaçısı Xan Şuşinskinin (İsfəndiyar Cavanşirov) qızı Bəyimxanım Verdiyeva milli musiqimizin dünyada təbliği istiqamətində həyata keçirilən layihə barədə danışıb, bundan sonra da müxtəlif xarici ölkələrdə silsilə konsertlərin təşkil olunacağını qeyd edib.
Sonra muğam üçlüyünün ifasında konsert proqramı təqdim edilib. Beynəlxalq muğam müsabiqəsinin qalibi (2011), Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Ehtiram Hüseynov Azərbaycanın muğam, təsnif və xalq mahnılarını oxuyub. Konsert dinləyicilərin böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.