Bəstəkar, xor dirijoru, aktyor, müğənni, tarzən, bir sözlə, mədəniyyət və incəsənət fədaisi Şahid Qədir oğlu Əbdulkərimov 1938-ci il oktyabrın 30-da Şəki şəhərində anadan olmuşdur.

İlk musiqi təhsilini şəhər Pionerlər evində tar müəllimi İbad Salmanovdan almışdır. Təhsil aldığı 11 saylı orta məktəbin bədii özfəaliyyət kollektivinin ən fəal üzvlərindən biri idi. 1956-cı ildə rayon Mədəniyyət evində tanınmış tar ifaçısı Məhərrəm İsmayılovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblına qəbul olunur. Həmin ansamblın tərkibində Bakıda Respublika Gənclərinin birinci (1956) və ikinci (1957) festivallarında uğurla çıxış edir.

1956-cı ildə Əməkdar artist Məmmədkəbir Hacıoğlu Şahidi dram dərnəyinə də qəbul edir. Beləliklə, o, bir çox tamaşalarda çıxış edir.

Şahid 1957-ci ildə təhsilini başa vurub, Bakı Mədəni-Maarif Texnikumunun Xor dirijorluğu şöbəsinə daxil olur. Təhsil aldığı illərdə müəllimi, məşhur xanəndə  Qulu Əsgərov Şahidin musiqi qabiliyyətinə yüksək qiymət vermiş, ona qayğı göstərmişdir.

1960-cı ildə Şahid Əbdulkərimov təhsilini başa vurub Zaqatala rayon Mədəniyyət evində əmək fəaliyyətinə başlayır. Bir il sonra Bakıya gəlir və Xırdalan qəsəbəsindəki 1 saylı məktəbdə musiqi müəllimi işləyir. Həmin il Dövlət Teatr İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) Mədəni-maarif fakültəsinin axşam şöbəsinə daxil olur. Tələbəlik illərində bir çox görkəmli müəllimlərdən dərs alır. Onların arasında unudulmaz bəstəkarımız Şəfiqə Axundovanın Şahidin bəstəkar kimi yetişməsində xüsusi əməyi olmuşdur.

1963-cü ildə Abşeron rayonu təşkil olunur və Şahid rayon Pionerlər evinin direktoru təyin olunur.

Onun xeyli sayda mahnıları var. Efirdə ilk dəfə “Hanı bəs vəfan sənin” mahnısı səslənib. Həmin mahnının ilk ifaçısı Xalq artisti İslam Rzayev olmuşdur. Sonralar Azərbaycan Televiziyasının uşaq xorunun ifasında “Naxçıvanım”, “Ana torpağım mənim”, “Bakı”, “Təzə il”, “Xoş gəldin” mahnıları lentə alınmışdır. Uşaq xorunun bədii rəhbəri bəstəkar Əfsər Cavanşirov həmişə deyərdi ki, uşaqlar Şahidin mahnılarını tez öyrənirlər. Çünki bu mahnıların musiqisi axıcı, ürəyəyatımlıdır, xalq ruhludur. Sonralar o, “Sevgilimə könül açdım”, “Ana məhəbbəti”, “Biləydin kaş”, “Gözəlim”, “Günüm keçməsin sənsiz”, “Niyə belə oldu”  və s. mahnıları bəstələmişdir.

Azərbaycanda ilk dəfə Abşeron rayonu Bolqarıstanın Razqrad rayonu ilə qarşılaşdığı üçün Şahid Əbdulkərimov “Abşeron-Razqrad” mahnısını yazmış, Xırdalan qəsəbə Pionerlər evinin xor kollektivi ilə Bolqarıstanda konsertlər vermişdir.

Şahidin mahnılarını xalq artistləri İslam Rzayev, Arif Babayev, Elmira Rəhimova, Səkinə İsmayılova, Ağaxan Abdullayev, Məmmədbağır Bağırzadə, Baba Mirzəyev, əməkdar artistlər Nəzakət Məmmədova, Süleyman Abdullayev, Sabir Mirzəyev və başqaları ifa etmişlər. Yazdığı mahnıların sözləri Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Əliağa Kürçaylı, Arif Abdullazadə, Cabir Novruz, Ramiz Məmmədzadə və başqalarına məxsusdur. 1974-cü ildə Bakı şəhər Xalq yaradıcılığı evi “Sən nəğmələr qoş” devizi altında həvəskar bəstəkarların mahnı müsabiqəsini təşkil etmişdi. Müsabiqədə Şahid Əbdülkərimov birinci, Bəhram Nəsibov ikinci, Qafar Namazəliyev üçüncü yerə layiq görülmüşdür.

Şahid 1976-cı ildə Şəkidə yeni istifadəyə verilmiş Tibb işçiləri evinin direktoru təyin olunmuşdur. Onun rəhbərliyilə “Şəfa” mahnı və rəqs ansamblı təşkil edilmişdir. O, ansambl ilə Moskvada SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində, Gürcüstanda azərbaycanlıların yaşadıqları rayonlarda, respublikamızın bir çox şəhər və rayonlarında qastrol səfərlərində olmuşdur.

Şahid Əbdülkərimov uzun sürən xəstəlikdən sonra 2003-cü ilin iyul ayının 17-də 65 yaşında vəfat etmişdir. Onun yaradıcılığı haqqında 2016-cı ildə sənədşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı tərəfindən nəşr olunmuş “Şəkinin musiqi folkloru” və “Şəkidə ifaçılıq sənəti”, professor İlham Rəhimlinin “Şəki teatrı” kitablarında ətraflı məlumat verilir.

Şahid Əbdülkərimovun Şəkidə 1998-ci ildə 60, 2008-ci ildə 70, 2013-cü ildə 75 illik yubileyləri keçirilmişdir. Sənətkarın 80 illiyi münasibətilə xatirəsini bir daha yad edir, ona Allahdan qəni-qəni rəhmət diləyirik. Onun yazdığı mahnıların bir çoxu xalq mahnısı, təsnif kimi səsləndirilirdi. Əslində, Şahid Əbdülkərimovun mahnıları ana laylamız olan “Segah” muğamı üzərində yazılmışdı və xalq ruhlu olduğu üçün daim seviləcək.

Vaqif KƏRİMOV,
Əməkdar mədəniyyət işçisi