Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin Filologiya İnstitutunun Novosibirsk Dövlət Universiteti və Azərbaycan Dillər Universiteti ilə birgə keçirdiyi “Sibir xalqlarının və həmsərhəd bölgələrin dilləri: eksperimental və tətbiqi dilçiliyin aktual problemləri“ mövzusunda beynəlxalq konfrans başa çatıb.

Bildirək ki, Novosibirskdə təşkil edilən tədbirdə 16 ölkədən alimlərin, o cümlədən Azərbaycan Dillər Universitetinin əməkdaşları – professorlar Fəxrəddin Veysəlli, Həbib Zərbəliyev və dosent Cəmil Babayevin məruzələri dinlənilib.

F.Veysəlli məruzəsində bildirib ki, bu gün tətbiqi dilçilik nəinki humanitar, həm də texniki sahələrdə geniş yayılmaqdadır. O, əlifbaların tərtibindən tutmuş nitq siqnalları əsasında danışanın şəxsiyyətini müəyyənləşdirməyə qədər məsələləri əhatə edir.

H.Zərbəliyev müxtəlif dillərin materialları əsasında cümlələrdə morfem və söz hissələrinin buraxılaraq dildə danışanların qənaətə nail olduqlarını əyani misallarla nümayiş etdirib. 

C.Babayev isə türk dillərində sözün ikizirvəliliyi nəzəriyyəsindən danışaraq konfrans iştirakçılarının diqqətini Azərbaycan dilçiliyinin nəzəri problemlərinə cəlb edib.

SOLTAN