Noyabrın 3-də Bakıda “Dərbənd” Xeyriyyə İctimai Birliyi idarə heyətinin ümumi yığıncağında qurumun sədri, Silahlı Qüvvələrin Hərbi Akademiyasının professoru, tarix elmləri doktoru Nurulla Əliyevin müəllifi olduğu “Böyük Dərbənd Ensiklopediyası”nın təqdimatı keçirilib.

Ensiklopediyada Dərbənd şəhərinin yaranması, arxeologiyası, tarixi, topoqrafiyası, toponimikası, etnoqrafiyası, memarlıq abidələri, o cümlədən görkəmli şəxsiyyətləri haqqında dolğun məlumat verilir. Kitab şəhərin çoxəsrlik tarixi ilə bağlı daha maraqlı hadisələr, görkəmli və tanınmış şəxsiyyətlər, şəhərdəki etnik proseslər və əhalinin sosial tərkibi, Dərbəndin iqtisadi və mədəni inkişafı, qədim tarixi, memarlığı ilə bağlı məlumatlarla zəngindir.

Kitabın elmi redaktoru Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynova, redaktoru filologiya elmləri doktoru, Silahlı Qüvvələrin Hərbi Akademiyasının professoru Sədi Nuriyevdir.

Qeyd olunub ki, “Böyük Dərbənd Ensiklopediyası”nda təqdim olunan zəngin informasiya müxtəlif elm sahələrində, Azərbaycan tarixi üzrə yazılacaq əsərlərdə, ali tədris müəssisələrində praktiki əhəmiyyətini tapa, həmçinin tədqiqatçılar və Azərbaycan tarixi ilə maraqlananlar üçün faydalı mənbə ola bilər.