XVI yüzillikdə Azərbaycan türkcəsində yazıb-yaratmış və Bağdadda yaşamış bir sıra şair və ədiblərimiz var ki, onların həyat və yaradıcılığı, yazılı irsi bu günə qədər hələ də tədqiq edilməyib.

AMEA Əlyazmalar İnstitutunun əməkdaşı Şöhrət Səlimbəylinin yeni çapdan çıxmış “XVI əsr Azərbaycan ədəbiyyatının Bağdad ədəbi mühiti: Ruhi Bağdadi” kitabı xüsusi əhəmiyyət kəsb edir. Nəşrin elmi redaktoru filologiya elmləri doktoru Paşa Kərimov, rəyçilər filologiya elmləri doktoru, professor Yaqub Babayev və filologiya elmləri doktoru, professor Mahmud Allahmanlıdır.

Kitabda XVI əsr şeirinə damğasını vuran söz ustadları Məhəmməd Füzuli (Molla Məhəmməd Bağdadi), Şəmsi Bağdadi və onun oğlu Əhdi Bağdadi, Ruhi Bağdadi, Hüsni Bağdadi və onun oğlu Rindi Bağdadi, Həsiri Şirvani, Hüzni Bağdadi, Zehni Bağdadi, Fəzli Mövlana (Füzulinin oğlu) və başqa azərbaycanlı sənətkarların həyat və yaradıcılıqları tədqiqata cəlb edilib.

Kitabda “Divan”ı bu günümüzə gəlib çatmış Ruhi Bağdadinin (1544-1606) həyat və yaradıcılığı geniş şəkildə araşdırılıb. Ruhi bütün yaradıcılığında Füzuli və Nəsimi irsindən qidalanıb. Davamçılarından Ruhi qədər Füzuli ədəbi məktəbinə yaxın ikinci bir sənətkar, demək olar ki, yoxdur. Ruhinin “Divan”ı 40 qəsidə, 6 mərsiyə,  mindən çox qəzəl və digər nümunələrdən ibarətdir.