TÜRKSOY-un Xalq çalğı alətləri orkestri ilk dəfə Yaponiyada geniş konsert proqramı ilə çıxış edəcək. Təşkilatın 25 illiyi münasibətilə keçiriləcək konsertlərdə 12 ölkədən 50 artistin iştirakı gözlənilir.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Türkiyənin Tokiodakı səfirliklərinin dəstəyi ilə təşkil ediləcək konsertlər Tokio, Kavasaki, Hamamtsu və Yokohama şəhərlərində gerçəkləşəcək. 2016-cı ildə yaradılan Xalq çalğı alətləri orkestrinin məqsədi Türk dünyasına məxsus olan, lakin milli cəhətləri ilə seçilən ənənəvi musiqi və rəqslərlə bütün dünyanı tanış etməkdir.
Orkestrdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Rusiya Federasiyasının Altay, Tatarıstan, Başqırdıstan, Xakasiya, Tuva, Saxa-Yakutiya respublikaları, həmçinin Monqolustan və Qaqauziyadan (Moldova) olan ifaçı və solistlər yer alıb.
Noyabrın 13-də Tokio Universitetində konsertlə başlanacaq səfər proqramı ayın 20-də başa çatacaq.