Əməkdar artist, Prezident mükafatçısı, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev Azərbaycan Dövlət  Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri vəzifəsinə təyin edilib.

Əyyub Quliyev 2005-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Dirijorluq fakültəsini bitirib. N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının aspiranturasında və Vyana Dövlət  Musiqi və İncəsənət Universitetində təhsil alıb. Tələbə ikən o, dirijor kimi fəaliyyətə başlayıb.

2011-ci ildən Opera və Balet Teatrında çalışır. BMA-nın Xor dirijorluğu kafedrasının dosentidir.

Sənət fəaliyyətinə görə müxtəlif mükafatlarla təltif olunub. 1998-ci ildə adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılmaqla Prezident təqaüdünə layiq görülüb. 2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” mükafatının, 2015-ci ildə “Humay” milli mükafatının qalibi olub.

Əyyub Quliyev dirijor kimi dünyanın bir çox ölkələrində çoxsaylı qastrol səfərlərində olub. B.Safonov adına Filarmonik və  Novosibirsk Filarmonik orkestrləri (Rusiya), London Kral Filarmonik Orkestri, Vyana Dövlət Kamera Orkestri, Slovakiya Dövlət Kamera Orkestri, Türkiyə Prezident Simfonik Orkestri, A.Toskanini adına Filarmonik Orkestr (İtaliya), Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və s. kollektivlərilə çıxış edərək Azərbaycan simfonik musiqi sənətini layiqincə təmsil edib.