Bütün zamanların fenomeni, ayrıca bir sənət odası, sənətkarlıq “ada”sı – Əliağa Ağayev...

Dünyaya gəlimindən 105 (1913), gedimindən 35 (1983) il keçən bu anadagəlmə aktyor hər dəfə (!) səhnəyə çıxanda sürəkli “çəpik”lərlə (öz sözüdür) qarşılanıb, gurultulu alqışlarla yola salınıb.

Belə sənətkar haqda danışmaq asan, yazmaq isə çətin. Nədən ki, nitqdə bütün hiss-həyəcanları vermək olur, yazı-pozuda isə yox.

Amma elə məqamlar var ki...

 

Məsələn;

 

yazılmasa, bu sənətkarın milli teatr tariximizdə heç kimsəyə nəsib olmayan duzlu danışıq tərzi, analoqsuz səs tembri, uğundurucu jestləri, “şeytan”i ovsunu statistik  tamaşaçını aldada da bilər ki, bu adam ali təhsil görməyib.

Bəli, yüz ilə yaxındı bütün Azərbaycanı qəşş etdirən bu aktyorun gəncliyəqədəri böyüklükdə yaradıb-yaşadığı rollarla tərs mütənasib keçib; uşaqkən ata-anasını itirib, 7-ci sinfi (özü də 17 yaşında!) bitirərək, gəmi təmiri zavodunda çilingərliyə başlayıb, elə orada dram dərnəyinə yazılıb və sənətin “sərrafgözlülər”i tərəfindən Gənc Tamaşaçılar Teatrına dəvət edilib. İlk rolu?..

Bu (və şah obrazı Məşədi İbad) barədə 60 illiyindəki müsahibəsindən:

“- Hərdən ilk rolunuzu da xatırlayırsızmı?  

- Əlbəttə! Heç onu – “Kapitan Qrantın uşaqları”ndakı “Dik”i unutmaq olar? 1936-cı ilin o yaz günü sanki dünyanı mənə peşkəşləmişdilər. Sevincimin həddi-hüdudu yox idi. Elə bilirdim, küçəyə çıxanda hamı məni barmaqla göstərəcək!..

- Bəs “O olmasın, bu olsun”dan sonra?..

- O heç dəə! Hüseyn Seyidzadə o filmdə gözəl ansambl yaratmışdı. Çox da tələbkar idi. Rüstəm bəyin evindəki davada iki-üç vedrə (Qoçu Əsgərin alnına çırpılası) yumurta işləndi. Fasilədə “bu qədər yumurtanı çığırtma edib, iki-üç gün nahar edə bilərdik” kimi zarafatlar edənlərə isə belə bir “zarafat” qaytardı: “Amma tamaşaçılar ac qala bilərdi!..”

- Bəs, o qədər “bolluq”da hambala “bir abbası”nı qıymazlığınız?

- Bilirsiz, qardaş oğlu, o vaxt mən tacir adamdım, qəpik-quruşla işim yox idi...”

 

Bu adam –

 

həm də Allah adamı, insaf insanı, “kristal”lıq nümunəsi...

Qızı Gülçin:

“1918-ci ildə ermənilər Tiflis azərbaycanlılarını qırmağa başlayanda babam onların dilində danışa bildiyi üçün sağ qalıb və dərhal Bakıya köçüblər. Day xəbərləri yoxmuş ki, burda vəziyyət ordakından da gərginmiş. Hər halda “öz millətinin içində olmaq da, ölmək də ordakından rahatdı” deyirmiş.

Atam heç vaxt – nə səhnədə, nə həyatda, nə ev-eşiyində “artistliyə” yol vermədi...

Xalq onu elə çox istəyirdi ki! Xüsusilə, “O olmasın, bu olsun” filmi ekranlara çıxandan sonra. Bir də görürdün kimsə küçədə qabağını kəsdi və... biz iki-üç saat bazarlıq edib qayıdanda görərdik ətrafına bir “kolxoz” adam yığışıb...

Atamın oynadığı “Hacı Qara” tamaşasına Mircəfər Bağırov da gəlib baxıb və tamaşadan sonra yanına çağırtdırıb. 1937-də ortancıl əmimi tutub aparıbmışlar deyə, atam ev-eşiyilə vidalaşıb gedir. Amma sən demə, Bağırov onu gözəl ifasına görə təbrikə çağırtdırıbmış. Fəxri adının olub-olmaması ilə də maraqlanır. Bir müddət sonra (1943) “Əməkdar artist”, 1954-də isə “Xalq artisti” (GTT-də ilk) adı verdilər. “SSRİ Xalq artisti” məsələsi gələndəsə bildirdilər ki, bununçün partiyaya üzv olmalısan. Amma atam bu cazibəyə getmədi. Biz razılaşması haqda təkid edəndəsə, dedi, bir xalqın artisti olmaq kifayətdir, mən onsuz da xalqın artistiyəm.

Həqiqətən də belə idi; onu hər yerdə, bütün təbəqələrdən olan insanlar çox istəyirdilər, müttəfiq respublikalarda keçirilən bütün mötəbər tədbirlərin qapıları onun üzünə açıq idi. 

Qardaşımla mənə bircə qadağası vardı ki, incəsənət sahəsinə getməyək. Bu səbəbdən də, qardaşım Vaqif Teatr İnstitutunun (indiki ADMİU) Rejissorluq fakültəsində oxuması “sirr”ini diplomu alanda açdı. Atamsa, gülümsünərək: “Sən bunu məndən dörd il məxfi saxladın, mənsə bundan xəbər tutduğumu səndən ömrüm boyu gizli saxlayacağam, - dedi. - Yaxşı, day keçib, xeyirli olsun...”

Təhsil məsələmizdə çox ciddi idi. Deyərdi, yalnız özünüzə güvənin, fikirləşməyin ki, atamız bizə qiymət yazdırar.

İşə-gücə ictimai nəqliyyatla gedib-gəlirdi. Amma başqalarına çox kömək eləyib.”

Oğlu Vaqif:

“Atam bir gün trolleybusla gedəndə görür ki, cavan bir oğlanın qanı “yanında oturduğu zənci tələbədən də qaradı”. Soruşur ki, “adə, noolub”, oğlan dillənmir. Dübarə sual edir: “Qoçaq, bəlkə gəmin batıb”, deyir, yox, Əlağa əmi, mən atamın altı ketmənçi qızının yeganə oxumaq istəyən qardaşıyam, amma bir balım çatmadı. Atam deyir, onlara bal lazımdı, tapaq aparaq də.

Nəysə, gedirlər instituta, atam qəbul komissiyası üzvlərindən onun ailə vəziyyətini və güclü oxumaq həvəsini nəzərə almalarını xahiş edir və iş yoluna qoyulur. Günlərin bir günü həmin oğlan rayondan bizə nə gətirsə yaxşıdır? Bəli, bəli, həqiqi bal! Bəs atam neyləsə yaxşıdır? Onu səhər süfrəsinə əyləşdirdi, sonra gətirdiyinə işarəylə: “Bunu isə apar yataqxanaya, tələbə yoldaşlarınla qış uzunu nuş eləyin. İmkanın olsa, belə bir “tost” da irad et ki, Əliağa əmi yaxşılığı yaxşılığa xırdalayanlardan dögül”...

Xalq artisti Əliabbas Qədirov:

“Bizim “Əliağa əmi”miz aldığımız qonorardan “bir abbası”nı da “ora-bura” xərcləməyə qoymazdı. Deyərdi, hamısını aparın verin ailənizə. İşdir, iştahanızdan “birşey-mirşey” keçsə, gəlin mənə ərz edin ki, pəs, məşədi, bir filan-kalan manat ver, gedək “araq-çaxır” bəyin atasını yandıraq...”

Bu məşhur teatr-kino “Məşədi İbad”ı həm də həyati Məşədi idi.

Xanımı Cəvahir Ağayevanın köhnə müsahibələrindən fraqmentlər:

“O, “Azdrama”ya Şıxəli Qurbanovun təkidilə (“Azərbaycanın baş səhnəsi Mirzəağa Əliyevsiz qalıb, məsləhətdir ki, Ə.Ağayev oraya getsin”) keçdi. Gənc Tamaşaçılar Teatrının ilk aktyoru Süleyman Ələsgərov (məşhur “Cəbiş müəllim”) isə onu bu sözlərlə yola saldı: “Əliağa, sən bu teatrın qapısına qıfıl vurub gedirsən, bundan sonra buranın tamaşaçıları da “Azdrama”ya gedəcək...”

Bir vaxtlar aktrisa olmuş mənciyəz sonralar teatrlara tamaşaçı kimi gedərdim. Əliağa öz səhnə çıxışlarına həmişə hələ pərdə arxasında ikən başlar, tamaşaçılarsa bu səsi əlbəəl tanıyıb, əl çalmağa başlardılar. Kino rollarında da seçilirdi. “Məşədi İbad”da demişdilər “keçəlpapaq” qoy, o isə hər çəkilişə şəvə saçlarını qırxdırıb çıxırdı.

Hələ “Evlənmək istəyirəm”dəki “bomba rabatay” dediyi (dedirtdiyi) qarodovoy Kərbalayı Zal! Deyirdi, bizim rejissorlar klassiklərimizin bağ-bağatında nə qədər çox gəzişsələr, o qədər əla güllər vurarlar! Kərbalayı Zal rolu ona tapşırılanda, uşaq kimi sevindi! Bərk xəstə olsa da, onu evdə saxlaya bilmirdik. Nə danışırsız, - deyirdi, - mən Kərbalayı Zalın yolunu neçə illərdi gözləyirəm. İndi deyirsiz, ona bivəfa çıxım?!”

İşləməkdən yorulmurdu; o sayaq dəmir hafizəsi ola-ola, vaxt-bivaxt mətnləri təkrarlayırdı. İmprovizələri isə hamıya bəlli!

Bir gün Adil İsgəndərov onu çağırtdırıb, deyir, Əliağa, istəyirəm bu filmdəki (“Əhməd haradadır”) “xəzinədar” epizodunu sən yaradasan. Bircə günlük işdir...”

Sonralar Adil müəllim danışırmış ki, bir də gördüm, Əliağa –  dazbaş, yekəbığ və çiynipencəkli halda gəlir. Soruşdum ki, qadam, bu nədir belə, dedi ki, səbir elə, görəcəksən. Birdən qayıtdı ki, bir erkək toğlu gətirsinlər. Bir çoban bu tapşırığı çox xoşluqla yerinə yetirdi. Əliağa üzünü kino işçilərinə tutub: “İç-ciyəri mənim, qalanı sizin” – dedi, əla bişirilmiş xörəyini götürüb girdi kassaya və mənə üz tutub, dedi, Adil müəllim, çəkə bilərsən.

Mat-məəttəl qaldım. Mən beş-on dəqiqəlik iş bilirdim bunu. Amma Əliağa əməlli-başlı dəstgah açmışdı; bu kiçicik “xəzinədar” rolundan gözəl bir sənət xəzinəsi yaratdı və bu personaj, yaddaşlarda filmin əsas obrazları səviyyəsində qaldı, Moskvada filmin “təhvil”i zamanı kino mütəxəssisləri bu obrazı məxsusi vurğuladılar”.

Kinoşünas Aydın Kazımzadənin “Əliağa Ağayev xatırlamaları” içərisində hamının (hərənin bir cür) keçirdiyi bir “nostalji” də var: “Ə.Ağayevin oğlu Vaqiflə məktəb partadaşı olmuşuq. Ovaxtlar müəllimlər şagirdlərlə bağlı hər hansı problemçün valideynləri məktəbə çağırardı. Vaqifə görə həmişə atası gələrdi. Təsəvvür edin; bu məşhur aktyor qapını açıb, “icazə olar?” - deyə sinif otağına daxil olur! Biz için-için uğunar və o (özünəməxsus ləngər və mimikalarının hər biri bir teatr tamaşası və ya kino obrazını xatırladaraq) keçib arxa partada oturana qədər özümüzü güclə ələ alardıq. Bəli, Əliağa müəllimin “həyati” obrazları da çox maraqlı idi...”

 

Və...

 

Həkimlər ömrünün son on ilini xəstəliklə də mübarizə aparmış bu azmana “sənə işləmək olmaz” deyirmiş, o isə: “Mən işləməsəm, ölərəm!”.

Və... siz Allah, bütün ömrü uzunu xalqı “gülməkdən öldürmüş” bu adamın ölməyinə baxın: dostları ilə deyə-gülə keçirdiyi məclisdə “...elə ürəkdən güldü ki, ürək damarlarından biri qırıldı və...”

Sonda, bu əfsanəvi sənətkarın gənc dostlarından Xalq artisti Tariyel Qasımovun xatirələrindən:

“Qastrollara gedəndə onun iştirak etdiyi tamaşalar anşlaq olardı. Hətta tamaşadan sonra da ondan əl çəkmirdilər. Axırda administrator deyirdi, ay camaat, bu kişini buraxın, gedib bir tikə çörək yesin... Belə bir (!) Xalq artisti Fəxri xiyabanda dəfn edilmədi; nə var-nə var, partiya üzvü deyildi…”

Tahir ABBASLI