Tale elə gətirib ki, 9 noyabr Azərbaycanın dövlətçilik tarixində iki əlamətdar hadisə ilə yadda qalıb. Bunlardan biri Azərbaycanın üçrəngli bayrağının dövlət rəmzi kimi qəbul olunması – 9 noyabr 1918-ci il; digəri isə yenidən ucalmış bayrağımızın və bərpa olunmuş müstəqilliyimizin ilk dəfə qardaş ölkəmiz Türkiyə tərəfindən tanınmasıdır – 9 noyabr 1991-ci il. Digər yandan, bu iki hadisənin mahiyyətinə diqqət yetirsək, onların arasında tarixi-məntiqi bağlılığı da yəqin edərik...

1918-ci ilin 9 noyabrında Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti mavi, qırmızı, yaşıl rəngli bayrağı dövlətin rəmzi olaraq qəbul edib. Amma bu, Cümhuriyyətin sayca ikinci bayrağı idi. Milli hökumət hələ Gəncədə yerləşərkən, 1918-ci il iyunun 24-də üzərində ağ ay və səkkizguşəli ulduz təsvir olunmuş al-qırmızı bayrağı dövlətin rəmzi olaraq qəbul etmişdi. Həmin bayraq Türkiyə bayrağının, demək olar ki, eynisi idi, yeganə fərq bayraqdakı ulduzun beşguşəli deyil, səkkizguşəli olması idi.

Bu, yenicə qurulan Azərbaycan Cümhuriyyətinin qocaman Türkiyə dövləti – o vaxtlar çətin günlərini yaşayan Osmanlı imperatorluğu – ilə qardaşlığının təcəssümü idi. Və bir anlamda Azərbaycan hökumətinin bizə tarixin ən məsul anında əl uzatmış Türkiyəyə ehtiramının göstəricisi idi.

 

Azərbaycanın istiqlalını birinci olaraq (4 iyun 1918-ci il) Türkiyə (Osmanlı dövləti) tanımış, türk ordusu Cümhuriyyətin köməyinə gəlmişdi. Bu kömək sayəsində Cümhuriyyət hakimiyyəti Azərbaycanın bütün ərazisində bərqərar oldu, Bakı erməni-daşnak ünsürlərindən təmizləndi.

Ağ ay-ulduzlu qırmızı bayraq dövlətləşmə və Cümhuriyyətə keçid mərhələsində bizim müvəqqəti dövlət rəmzimiz idi. Dövlətçilik institutlarını qurmağa başlayan hökumət dörd ay sonra bayraq haqqında ikinci qərarı qəbul etdi.

“Milli bayraq haqqında Azərbaycan hökuməti qərarları dəftərindən 9 noyabr 1918-ci il tarixli çıxarış”dan:

 

1. Azərbaycan Cümhuriyyətinin dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.

2. Azərbaycan Cümhuriyyətinin dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır.

 

Cümhuriyyətimiz yeni bayrağını qəbul etsə də, onun təsvirində qardaş Türkiyə bayrağının rəngini – qırmızını saxlamışdı. Tale elə gətirdi ki, 1920-ci ildə Cümhuriyyət süquta uğradıqdan sonra bayrağımız dəyişdirildi, amma qırmızı rəng yenə qaldı. Hərçənd bu qırmızı o qırmızıdan deyildi. Amma yenə də, bu, tarixin bir naxışı idi.

Dövlət müstəqilliyimiz 70 il sonra bərpa olundu. Cümhuriyyətin üçrəngli bayrağı 1988-1989-cu illərdə Azərbaycan xalqının milli özünüdərk və Qarabağ davası üçün çıxdığı meydanda dalğalandı.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçən tarixi iclasında üçrəngli bayraq muxtar respublikanın rəmzi olaraq qəbul olundu. Azərbaycan Ali Sovetinə bayraqla bağlı müraciət edildi.

1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq üçrəngli bayrağı Azərbaycan Respublikasının Dövlət bayrağı kimi təsdiqləyən qanun qəbul etdi. Bu, sovet tarixi və rəmzlərindən imtina, milli dövlətçiliyin bərpasına doğru addım idi.

* * *

Azərbaycan bu əlamətdar tarixə 70 il mürəkkəb yol keçərək gəlmişdi. Bu zaman kəsiyində Azərbaycanın Türkiyə ilə 1918-ci ildə bayraqlaşmış qardaşlıq tarixi itməmişdi, milli yaddaşda yaşayırdı. Təsadüfi deyildi ki, Azərbaycanın ikinci dəfə müstəqilliyini də öncə Türkiyə Cümhuriyyəti tanıdı.

1991-ci il noyabrın 9-da Türkiyə hökumətinin (baş nazir Məsud Yılmaz) iclasında bu barədə qərar qəbul olundu. O vaxt dövlət müstəqilliyimizin bərpasından (18 oktyabr) cəmi 22 gün keçmişdi və Azərbaycan xalqı, təbii ki, bu müstəqilliyə ilk dəstəyin Türkiyədən gələcəyini gözləyirdi. Beləcə, Azərbaycanın müstəqillik faktı beynəlxalq müstəviyə çıxdı.

Türkiyənin hələ SSRİ-nin de-yure mövcud olduğu bir şəraitdə Azərbaycanın dövlət müstəqilliyini tanınması o dövr üçün cəsarətli addım idi. Təkcə ona görə yox ki, SSRİ formal şəkildə mövcud idi və Moskva (SSRİ XİN) Ankaranın bu niyyətinə etiraz notası vermişdi. Həm də ona görə ki, Türkiyənin təşəbbüsü onun NATO-dakı əsas tərəfdaşı olan ABŞ tərəfindən də təqdir edilməmişdi.

Hətta ABŞ-ın Ankaradakı böyükelçisi Türkiyə rəhbərliyinə müraciət edərək onu SSRİ respublikalarını tanımaqda tələsməməyə çağırmışdı. O vaxt Vaşinqton Moskva ilə SSRİ-nin nüvə arsenalının aqibəti ilə bağlı gərgin danışıqlar aparırdı və NATO üzvü Türkiyənin “tələsik” addımı bu müzakirələr üçün arzuolunmaz fon idi.

Lakin buna rəğmən Türkiyə öz qardaşlıq missiyasını yerinə yetirdi. Bununla da MDB məkanında (Baltikyanı ölkələri çıxmaqla) birinci olaraq məhz Azərbaycan xarici dövlət tərəfindən tanındı.

Türkiyə sonrakı müddətdə də Azərbaycanla münasibətlərdə birinci olmaq şansını heç bir ölkəyə güzəştə getmədi. 1992-ci il yanvarın 14-də Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında diplomatik əlaqələrin qurulmasına dair protokol imzalandı. Bu, müstəqil Azərbaycanın diplomatik münasibətlərə dair imza atdığı ilk sənəd idi. Türkiyə isə Azərbaycanda səfirlik açan ilk dövlət oldu.

Türkiyə müxtəlif beynəlxalq təşkilatlarda da Azərbaycana hər zaman birinci əl uzadıb. 1992-ci ilin aprelində Azərbaycanın BMT-dəki (Nyu-York) diplomatik nümayəndəliyi də ilk dövrdə Türkiyənin daimi nümayəndəliyinin ofisində fəaliyyət göstərmişdi. Həmçinin Azərbaycanın xaricdəki ilk səfirliyi də 1992-ci ilin avqustunda Türkiyənin paytaxtı Ankarada açılmışdı.

Beləcə, iki qardaş arasında dövlətlərarası münasibətlərin 27-ci ili tamamlanmaq üzrədir. Bu illərdə ölkələrimizin çoxsahəli əməkdaşlığı böyük inkişaf yolu keçib, yüzlərlə müqavilə, protokol və sazişlə möhkəmlənib, bütün region üçün taleyüklü olan nəhəng, transmilli layihələrlə güclənib, ən əsası, zamanın sınağından çıxaraq  bərkiyib. Bu gün ölkələrimiz bütün məsələlərdə birlikdə hərəkət edir, bayraqlarımız yanaşı, gücümüz də birliyimizdədir. Güclü Türkiyə güclü Azərbaycan, güclü Azərbaycan da güclü Türkiyə deməkdir.

Vüqar ƏLİYEV