yaxud barokko musiqisi şouya necə çevrildi

Barokko musiqisi və rəqs. Bu anlayışları yanaşı qəbul etmək sanki qollu tərəzinin bir gözünə daş qoyub, o biri gözünə də heç nə atmadan yerdən qaldırmaq cəhdinə bənzəyir... Əslində, mənimçün barokko musiqisi əsasında şou yaratmaq yox, hətta onun rəqslə təqdimatını vizuallaşdırmaq cəhdinin son həddi Qriqori Kozinsevin “Hamlet” filmində Ofeliyanın rəqs etdiyi epizod ilə bitir. Yəni bitirdi. Ta noyabrın 6-da “YARAT”ın keçirdiyi “M.A.P.” festivalı çərçivəsində İtaliyanın “NoGravity” teatrının “Ariya” konsert-tamaşasını görənədək...  

Bakı Konqres Mərkəzinin böyük salonunda əyləşib “Ariya”nın ilk nömrəsini seyr edəndə hətta bir anlığa adama elə gəldi ki, sanki o, canlı konsert-tamaşaya deyil, əvvəlcədən videolentə alınmış çıxışına baxırsan. Lakin musiqi alətlərinin canlı səslənişi, teatrın vokalçı solisti – soprano səsli xanımın ifası çaşqınlığa son qoydu. Səhnəni salondan ayıran, zorla sezilən tor pərdə, yalnız tamaşa iştirakçılarının işıqlandırılması seyrçiyə ismarış ötürür ki, incəsənətin barokko dövrü XXI əsrə bizi bir-birimizdən tük qədər nazik arakəsmə qədər yaxındır. Yəni, geniş və cəsarətli düşüncə tükənməz təxəyyüllə birləşərsə, yerdə qalanı istedad, işləmək həvəsi və texnoloji imkanlar sayəsində mümkündür.

“NoGravity”. Adından göründüyü kimi, bu teatr kollektivi qravitasiyanı, yəni yerin cazibə qüvvəsini “qəbul etmir” və bunu sözdə deyil, səhnədə sübuta yetirir. Bəli, bu teatrın rəqqasları, iki vokalçısı – soprano və kontratenor uçmağı bacarırlar. Həm də onlar rəqs elementlərini mükəmməl yerinə yetirməklə uçuş effektinə nail olmurlar, texnoloji imkanlardan bəhrələnərək uçurlar. Bu teatrın repertuarına tam bələd olmasaq da, konsert-tamaşada göstərilən ilk nömrələrdən birində - kontratenor (barokko üslubunda vokal əsərlərinin əksəriyyəti məhz bu nadir kişi səsi üçün bəstələnir) elmi adı “bombos” olan nəhəng eşşəkarısı qılafında səhnəyə çıxır və uçaraq oxuyur. Yəqin ki, bu da təsadüfi deyil. Əgər bir həşərat fizikanın qanununa zidd çıxaraq uçursa, insan niyə uçmasın? Ola bilsin ki,  belə bir kollektivin yaranma ideyasında barokko janrında ən gözəl nümunələri yaratmış  Vivaldi, Monteverdi, Perqolozi və Tartininin yaşadığı əyyamda Avropada məhz levitasiyaya – insanın uçmasına marağın yarandığı və pik həddinə çatdığı dövrə təsadüf etməsinin də rolu var.

Tamaşa boyu “Roma Barocca Ensemble” qədim alətlər qrupunun müşayiəti, XVII əsrdən gələn musiqi və XXI əsr rəqqaslarının heyrət doğuracaq dərəcədə plastikası, öz fiziki gözəlliyini zərifliklə heç bir videoproyeksiyadan yararlanmadan nümayiş etdirmələri adamı gerçəkdən heyrətə salırdı. Rəqqas-akrobatların pərvaz etməsini hava gimnastlarının sirk şousuna oxşatmaq tam yanlış olardı. “NoGravity”nin 6 akrobat-rəqqası riskli nömrələrlə yox, musiqi nömrəsinə qurulan mini-tamaşanın ideyasını açan xoreoqrafik məharətləri ilə seyrçini təəccübləndirirdi. Çünki Mariana Porseddinin xoreoqrafik quruluşunda teatral maşineriyanın (səhnədə quraşdırılan qaldırıcı mexanizm) səhnədə mövcudluğu tamaşaçıda sirri-xuda assosiasiyası doğurur.

“Ariya”nın birləşdiyi 13 musiqi nömrəsi elə 13 qısamüddətli tamaşa təəssüratı yarada bildi. Teatrın art-direktoru və quruluşçu rejissoru Emiliano Pellisari öz səhnəqrafiyasında həm dramatik teatrın ellinizm ruhunun, italyan folklorunun ənənəvi personajlarının daşıdığı ideyanın, həm də “komedi del arte” üslubunun sintezini yarada bilib. Bunun nəticəsidir ki, sanbalca ağır, çəkicə yüngül xoreoqrafiya, ox kimi tarım çəkilmiş troslar, güzgü sistemi optik illüziya yaratmaqla tamaşanı öz məqsədinə çatdırır – musiqi heç zaman tükənmir və köhnəlmir.

Yeri gəlmişkən, “Hamlet” filmində Ofeliyanın çox incə və incə olduğundan dəfələrlə ləng hərəkətlərlə duruşunu dəyişməklə aldığı pozalarla ani duruxması barokko musiqisinin “günahı” deyil, Hamlet dövrünün rəqs anlayışının təqsiridir.

“NoGravity”nin tamaşasını seyr etmək kifayətdir ki, məşhur reklam mətninə nəzirə qoşaraq deyəsən: “Barokko qanadlandırır”.

Gülcahan MİRMƏMMƏD