“Yaradanlar və yaşadanlar” layihəsində xanəndə Baba Mahmudoğlu xatırlanıb
Noyabrın 13-də Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi üzrə növbəti konsert tanınmış xanəndə, Xalq artisti Baba Mahmudoğlunun (1940-2006) həyat və yaradıcılığına həsr edilib. Musiqi gecəsi Mədəniyyət Nazirliyinin dəstəyi, “Mədəniyyət” kanalı və Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.
Xalq artisti Səkinə İsmayılova, Əməkdar incəsənət xadimi, rejissor Hafiz Quliyev, Əməkdar artist Rəşad İlyasov və başqaları çıxış edərək xanəndənin sənət yolundan söhbət açıblar.
Bildirilib ki, Qazax rayonunun Muğanlı kəndində doğulan Baba Mahmud oğlu Mirzəyev 1956-cı ildə orta məktəbi bitirərək Neft Akademiyasına daxil olub. Tələbə yoldaşları Babanı Seyid Şuşinskinin yanına aparıb və o, görkəmli xanəndənin dərslərində iştirak edib.1962-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında təcrübə keçən B.Mahmudoğlu bu sənət ocağının solisti kimi “Leyli və Məcnun”da Məcnun, “Aşıq Qərib”də Aşıq Qərib, “Əsli və Kərəm”də Kərəm, “Şah İsmayıl”da Şah İsmayıl, “Xanəndənin taleyi”ndə Mir Seyid obrazlarını yaradıb.
Çıxışlardan sonra “Səadət” instrumental ansamblının müşayiəti ilə gənc muğam ifaçıları xanəndənin vaxtilə oxuduğu mahnıları səsləndiriblər.
Sonda sənətkarın qardaşı Arif Mahmudoğlu tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.