Azərbaycan və Türkiyə kinematoqrafçılarının ilk müştərək filminin Bakı premyerası keçirildi
   
   Azərbaycan və Türkiyə kinematoqrafçılarının Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında lentə aldıqları, haqqında aylardan bəri söhbət gedən və kino həvəskarlarının səbirsizliklə gözlədiyi “Mahmud və Məryəm” bədii filmi, nəhayət, Bakıda böyük ekrana çıxdı.
   
   Sentyabrın 26-da Nizami Kino Mərkəzində filmin yaradıcı heyətinin iştirakı ilə möhtəşəm təqdimat mərasimi keçirildi. İki ölkənin kino işçilərinin ilk müştərək layihəsi olan ekran əsərinin premyerasına dövlət və hökumət rəsmiləri, millət vəkilləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, çoxsaylı media mənsubları, kinosevərlər qatılmışdı.
   Yaradıcı heyətin gəlişi təntənəli şəkildə təşkil edilmişdi. Məşhur sənətçilər qırmızı xalı üzərindən keçərək tamaşaçıların alqışları altında kino mərkəzinə daxil oldular.
   Xalq yazıçısı Elçin jurnalistlərə açıqlamasında bildirdi ki, mart ayında film Türkiyədə təqdim edilib, bu gün isə filmin Azərbaycan dilində premyerasıdır: “Mənim üçün müəllif kimi xoş bir hadisədir. Çünki film mənim romanım əsasında çəkilib və bu romanı mən 35 il bundan əvvəl yazmışam. Sevinirəm ki, 35 il əvvəl qələmə aldığım əsər hazırkı dövrdə də aktuallığını qoruyub saxlayıb. Mənim üçün bugünkü tədbirin önəmli tərəfi ondan ibarətdir ki, bu, ilk Türkiyə-Azərbaycan müştərək filmidir, kinematoqrafçılarımızın ilk birgə işləridir. Romanın ekranlaşdırılması ilə bağlı çoxlu müraciətlər almışdım. Amma heç birini qəbul etməmişdim. Çünki romanın fakturasını kinoda təsəvvür edə bilmirdim. Amma “24 Kare Film” şirkəti mənə müraciət edəndə rejissorla söhbətlərim məni inandırdı ki, razılıq verməliyəm. İndi əsas fikir tamaşaçınındır”.
   Budur, tamaşaçılar zalda öz yerlərini tutub yaradıcı heyəti gözləyir. Filmin prodüserləri - C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov və Sevda Kayğısız səhnədə görünürlər. Prodüserlər filmin yaranma tarixi və yaradıcı heyət haqqında məlumatı diqqətə çatdırdılar. Sevda Kayğısız Azərbaycanda filmi təqdim etməkdən məmnunluğunu bildirdi.
   Müşfiq Hətəmov çıxışında qeyd etdi ki, hər bir filmin təqdimatı bir bayram və tamaşaçılar qarşısında sınaqdır: “Bu filmin başqa filmlərdən fərqi odur ki, iki qardaş dövlət arasında ilk müştərək işdir. Bu filmin çəkilişi nəticəsində xarici prodüserlər gördülər ki, Azərbaycanda film çəkilişinə hazır mexanizm var. Bu da cənab Prezidentimizin kinonun inkişafına ayırdığı diqqətin nəticəsidir. Bunun nəticəsində biz öz imkanlarımızı dünyada nümayiş etdirə bilərik. Məhz bu filmdən sonra dünyanın bir çox prodüserləri bizə müraciət etdi və biz yeni layihələr üzərində işləyirik. Bu gün Mədəniyyət və Turizm Nazirliyində filmlərimizin Azərbaycan kino industriyasının qurulması üçün böyük layihələr hazırlanır. “Mahmud və Məryəm” vasitəsilə Azərbaycan kinosu dünyaya özünü təqdim edəcək. Film hazırda 8 Avropa ölkəsində, Amerika və Yaponiyada nümayiş edilir”.
   Daha sonra Xalq artisti, filmdə əsas obrazlardan birini (Ziyad xan) yaradan Fəxrəddin Manafov səhnəyə dəvət edildi. O, filmin yaranmasında xüsusi əməyi olan Türkiyədə yaşayan sevimli aktrisamız Məlahət Abbasova başda olmaqla zəhməti keçən hər kəsə minnətdarlığını bildirdi. Ardınca çıxış edən Məlahət Abbasova 22 illik arzusunu həyata keçdiyini dedi və əsərin müəllifinə təşəkkürünü bildirdi, filmdə yaratdığı obrazın onun səhnə həyatında önəmli bir hadisə olduğunu vurğuladı.
   Türkiyədən gələn aktyor heyəti və filmdə rol alan azərbaycanlı aktyorlar tamaşaçılara təqdim edildikdən sonra ekran əsərinin nümayişi başlandı. Azərbaycanın “Salnamə” studiyası və Türkiyənin “24 Kare Film” şirkəti tərəfindən ekranlaşdırılan tammetrajlı film ayrı-ayrı dünyalara aid iki gəncin sevgi hekayəsindən bəhs edir. Mahmud gəncəli Ziyad xanın oğlu, Məryəm isə keşişin qızıdır. Hadisələrin mərkəzində Mahmud ilə Məryəmin bir-birinə olan məhəbbəti dayanır. İki gəncin sevgisinə mane olan isə mürtəce fikirli qara keşişdir. Nağıl və fantastik elementlərin vəhdət təşkil etdiyi film romantik dram janrında çəkilib. Filmin rejissoru Mehmet Ada Öztəkin, prodüseri isə Sevda Kayğısızdır. Mahmud rolunu Aras Bulut İynemli, Məryəm obrazını isə Eva Dedova canlandırıb. Çəkilişlərə Şəki şəhərində start verilən ekran əsərində Fəxrəddin Manafov, Məlahət Abbasova, Şamil Süleymanov, Mehmet Çevik, Tomris İncer, Kristina Krapela və digər tanınmış aktyorlar rol alıblar.
   Qeyd edək ki, sentyabrın 27-dən etibarən Nizami Kino Mərkəzində “Mahmud və Məryəm” filminin geniş tamaşaçı auditoriyası üçün nümayişləri başlayacaq.
   
   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar