Azərbaycan
20 noyabr 1910 – Yazıçı Məmmədəli Hüseyn oğlu Tarıverdiyev (1910 - 24.09.1985) Ordubad rayonunun Dəstə kəndində doğulub.
20 noyabr 1930 – Aktyor Gündüz Abbasov (1930-1995) anadan olub. “Onun böyük ürəyi”, “Bir qalanın sirri”, “Bizim küçə”, “Telefonçu qız”, “Dədə Qorqud” və s. filmlərdə çəkilib.
20 noyabr 1930 – Ədəbiyyatşünas, publisist, professor, Əməkdar elm xadimi Qulu Qasım oğlu Xəlilov (1930-1995) anadan olub.
20 noyabr 1935 – Xanəndə, Xalq artisti Qədir Çərkəz oğlu Rüstəmov (1935-2011) Ağdam rayonunda anadan olub.
20 noyabr 1975 – Bakıda Üzeyir Hacıbəylinin ev-muzeyi açılıb.
20 noyabr 1991 – Erməni silahlı qüvvələri Qarabağ müharibəsində Azərbaycana qarşı ən böyük terror aktını həyata keçiriblər. Xocavənd rayonunun Qarakənd kəndinin səmasında içərisində Azərbaycanın yüksək vəzifəli dövlət və hökumət rəsmilərinin olduğu “Mi-8” vertolyotu raketlə vurulub. Vertolyotda olan 22 nəfərin hamısı həlak olub.
21 noyabr 1926 – Ədəbiyyatşünas, yazıçı-publisist Nadir İsmayıl oğlu Vəlixanov (1926-1995) Şuşada anadan olub. Uşaq və yeniyetmələr üçün hekayə və povestlərin müəllifidir.
22 noyabr 1933 – Yazıçı-jurnalist Firudin Balakişi oğlu Ağayev (1933-1995) Lerik rayonunda doğulub. Əsərləri əsasında “Skripkanın sərgüzəşti”, “İşarəni dənizdən gözləyin” və s. filmlər çəkilib.
22 noyabr 1922 – Böyük bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Fikrət Məşədi Cəmil oğlu Əmirov (1922-1984) Gəncədə doğulub. Simfonik muğam janrının yaradıcısı (“Şur”, “Kürd-Ovşarı”, “Bayatı-Şiraz” və s.), “Min bir gecə” baleti, “Sevil” operası, “Nizami” simfoniyası, “Azərbaycan kapriççiosu” və s. əsərlərin müəllifidir. “Böyük dayaq”, “Mən ki gözəl deyildim” və s. filmlərə musiqi yazıb.
22 noyabr 1922 – Xalq yazıçısı Hüseyn Abbas oğlu Abbaszadə (1922 - 12.12.2007) Bakıda anadan olub. Kitabları: “General”, “Ləpədöyəndə”, “Burulğanlar” və s.
22 noyabr 1933 – Görkəmli kinorejissor, operator, Xalq artisti Rasim Mirqasım oğlu Ocaqov (1933 - 12.7.2006) Şəkidə doğulub. “Sən niyə susursan?”, “Onun böyük ürəyi” və s. filmlərin quruluşçu operatoru olub. “Qatır Məmməd”, “Tütək səsi”, “İstintaq”, “Ad günü”, “Ölsəm, bağışla”, “Otel otağı”, “Həm ziyarət, həm ticarət” və s. filmlərə quruluş verib.
22 noyabr 1938 – Xalq artisti Həsən Ağaməmməd oğlu Məmmədov (1938 - 26.8.2003) Salyan rayonunda anadan olub. “Böyük dayaq”, “Bir cənub şəhərində”, “Gün keçdi”, “Yeddi oğul istərəm”, “İstintaq”, “Axırıncı aşırım” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
22 noyabr 1940 – Müğənni, skripkaçı, Əməkdar incəsənət xadimi, professor Rauf Zülfüqar oğlu Adıgözәlov (1940 - 29.6.2002) anadan olub.
22 noyabr 1949 – Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Sumqayıta şəhər statusu verilib. Xəzər sahilində yeni şəhərin salınması 40-cı illərdə kimya və metallurgiya zavodlarının inşası ilə başlamışdı.
22 noyabr 1950 – Bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Rəhim oğlu Quliyev Şəkidə doğulub. Simfonik əsərlər, tamaşalara, filmlərə (“Fəryad”, “Qəm pəncərəsi” və s.) musiqilər yazıb.
Dünya
20 noyabr Dünya uşaq günüdür (Universal Children’s Day). BMT Baş Assambleyası tərəfindən təsis edilib. 1959-cu ilin 20 noyabrında “Uşaq hüquqları Bəyannaməsi”, 1989-cu ilin həmin günündə isə “Uşaq hüquqları Konvensiyası” qəbul olunub.
20 noyabr 1890 – Amerika aktyoru Robert Armstronq (Robert Armstrong, 1890-1973) anadan olub.
20 noyabr 1925 – Məşhur rus balerinası, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Mayya Plisetskaya (1925 – 2.5.2015) anadan olub. Uzun illər Rusiya Böyük Teatrının prima-balerinası olub.
20 noyabr 1927 – SSRİ Xalq artisti Mixail Ulyanov (1927 - 26.3.2007) anadan olub. Filmləri: “Dirilər və ölülər”, “Karamazov qardaşları”, “Qaçış”, “Voroşilov nişançısı”.
21 noyabr “Dünya televiziya günü”dür. 1996-cı il noyabrın 21-də BMT-də ilk dünya televiziya forumunun keçirilməsi ilə bağlı təşkilatın Baş Assambleyası tərəfindən (17 dekabr 1996) təsis edilib.
21 noyabr 1694 – Fransız mütəfəkkiri, şair, yazıçı-dramaturq, tarixçi Fransua-Mari Volter (Fransua-Mari Arue François-Marie Arouet; 1694 - 30.5.1778) anadan olub. Əsərləri: “Edip”, “Brut”, “Sezar”, “Zadiq və ya tale”, “Mikromeqas”, “Kandid”.
22 noyabr 1869 – Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1947) laureatı Andre Pol Qiyom Jid (Andre Gide, 1869-1951) anadan olub.
22 noyabr 1916 – Amerika yazıçısı Cek London (Jack London - John Griffith Chaney, 12.1.1876 - 1916) vəfat edib.
Hazırladı: Vüqar ORXAN