“Azərbaycan Xalq Cümhuriyyəti ili” çərçivəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Cümhuriyyət 100 il” vətənpərvərlik mövzusunda rəsm müsabiqəsinə noyabrın 20-də yekun vurulub.
Nizami Kino Mərkəzində müsabiqə iştirakçılarının əsərlərindən ibarət sərginin açılışı və qaliblərin təltif olunması mərasimi keçirilib.
Tədbir iştirakçıları əvvəlcə məktəblilərin nümayiş etdirilən rəsm əsərləri ilə tanış olublar.
Tədbirin rəsmi hissəsində çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov diqqətə çatdırıb ki, ümumrespublika rəsm müsabiqəsinə 500-dən artıq rəsm əsəri təqdim edilib, onlardan 100-ü seçilərək sərgiyə buraxılıb. O, müsabiqənin bütün iştirakçılarına, müəllimlərə və valideynlərə minnətdarlığını bildirərək vurğulayıb ki, sərgidə nümayiş olunan hər bir rəsm əsəri vətənpərvər nəslin yetişdiyini sübut edir.
Mədəniyyət nazirinin müavini Rafiq Bayramov sərgidə əl işləri nümayiş etdirilən uşaq və gənclərə təbriklərini çatdıraraq bildirib ki, Prezident İlham Əliyevin sərəncamına əsasən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunması şanlı tarixi keçmişimizə, Cümhuriyyətə göstərilən böyük ehtiramdır. R.Bayramov müsabiqənin yeniyetmə və gənclərin yaradıcılıq potensialının daha da inkişaf etdirilməsinə yaxşı stimul verəcəyinə əminliyini ifadə edərək sərginin məktəblilər üçün gözəl başlanğıc olduğunu bildirib. O, Cümhuriyyətin yubileyi münasibətilə həyata keçirilən bu cür tədbirlərin ölkəmizdə vətənpərvərlik ruhunun yüksəldilməsi, mədəniyyətimizin inkişafı və təbliği baxımından əhəmiyyətini vurğulayıb.
Sonra müsabiqənin qaliblərinin mükafatlandırılması olub. Nizami rayon 214 saylı tam orta məktəbin şagirdi Humay Səfərzadə 1-ci, Sabunçu rayon 4 saylı orta məktəbin şagirdi Fərid Tanrıverdiyev 2-ci, Balakən rayon M.P.Vaqif adına Tülü kənd 1 saylı orta məktəbin şagirdi Alvina Bayramlı 3-cü yerə layiq görülüb.
Qaliblərə diplom və mükafatlar təqdim edilib. Daha 10 iştirakçı həvəsləndirici diplomlara layiq görülüb.