Tahir Salahovun 90 yaşı tamam olur

Prezident İlham Əliyev noyabrın 28-də görkəmli rəssam Tahir Teymur oğlu Salahovun Azərbaycan təsviri sənətinin inkişafında xüsusi xidmətlərinə görə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Noyabrın 29-da dünya şöhrətli fırça ustasının 90 yaşı tamam olur.

Dövlət başçısı yubiley münasibətilə sənətkara təbrik məktubu ünvanlayıb. Məktubda Tahir Salahovun müasir rəssamlıq məktəbinin görkəmli nümayəndəsi olaraq uzunmüddətli səmərəli və bənzərsiz yaradıcılığı ilə zəngin mədəniyyət salnaməmizə yeni səhifələr yazdığı, milli sənət xəzinəmizin qızıl fondunda özünə həmişəlik layiqli yer tutan əsərləri ilə Azərbaycan təsviri sənətinə geniş şöhrət qazandırdığı vurğulanır.

“Sərt üslub”un banilərindən biri kimi yaratdığınız sənət nümunələrində insan taleyi vasitəsilə dünyaya, həyata baxışınız və fəlsəfi düşüncələriniz rənglərin ən incə çalarları ilə dolğun ifadəsini tapmışdır. Azərbaycan incəsənətinin çoxəsrlik ənənələrini Avropa boyakarlıq məktəbinin nailiyyətləri ilə birləşdirən, mövzu, forma, janr əlvanlığı və estetik kamilliyi ilə seçilən ecazkar rəsmləriniz ülvi bəşəri dəyərlər və ali məqsədlər naminə humanist fikirlər təlqin edir”, - deyə məktubda qeyd edilir.

Diqqətə çatdırılır ki, görkəmli rəssamın yaradıcılığı və ictimai fəaliyyəti xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, sənətkar Azərbaycan Respublikasının ən ali təltiflərinə – 1998-ci ildə “İstiqlal” və 2008-ci ildə “Heydər Əliyev” ordenlərinə, 2015-ci ildə Heydər Əliyev mükafatına layiq görülüb.

Vurğulanır ki, görkəmli rəssamın dünyanın mötəbər muzeylərini, məşhur qalereyalarını bəzəyən və şəxsi kolleksiyalarda saxlanılan əsərlərinin, hər biri hadisəyə çevrilən fərdi sərgilərinin Azərbaycan mədəniyyətinin ölkə hüdudlarından uzaqlarda təbliğində böyük rolu var.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da yubiley münasibətilə sənətkarı təbrik edib. Təbrik məktubunda Tahir Salahov “Böyük ustad, planetar miqyaslı rəssam, gözəl pedaqoq və ictimai xadim” kimi xarakterizə olunur. “Ola bilsin, bunu deyənlər haqlıdır ki, həqiqi sənətkar yaşadığı dünyanı sevməlidir. Sizin yaradıcılıq dünyanız parlaq və rəngarəngdir. Onun fərqləndirici cəhəti doğma ölkənizə - Azərbaycana həqiqi, səmimi vətənpərvərlik, dərin və ülvi sevgidir”, - deyə məktubda vurğulanır.