Təsəvvür edin ki, bütün həyatınız kompüter tərəfindən idarə olunan sistemdən asılıdır. Buna nə qədər tab gətirərdiniz?
Çində isə artıq belə bir sistemi tətbiq etməyə başlayıblar. Geniş rezonans doğuran “Sosial etibarlılıq sistemi”ndə insanın taleyi süni intellekt ilə müəyyən edilir. Kompüter yaxşı bir həyat sürməyə haqq edib-etmədiyinizə qərar verir.
Genişmiqyaslı məlumatların təhlili sistemi insanlar haqqında məlumat toplayır və “Etibarlılığa haqq qazananlar bütün faydalara sahibdirlər” devizi altında fəaliyyət göstərir. Sistem vasitəsilə bütün insanlar beş kateqoriyaya bölünür: AAA kateqoriyası (1050 bal), AA kateqoriyası (1000), B kateqoriyası (900), C (849) və D (599 bal) kateqoriyaları. Məsələn, əgər siz yol keçərkən yol hərəkəti qaydalarını pozursunuzsa, küçədə təmizliyə riayət etmirsinizsə və ya yaşlı (əlil) adamın yol keçməsinə köməklik göstərmirsinizsə, bütün bunlar sistem vasitəsilə qeyd olunur.
AAA elit kateqoriya hesab olunur. Bu kateqoriyanın sahibləri istədikləri işlərə qəbul edilir, kreditləri azaldılır, xəstəxanada yüksək qayğı ilə əhatə olunur, ümumiyyətlə, bütün güzəştlərdən istifadə edə bilirlər. D kateqoriyasına düşənləri isə işə götürmürlər, onlara kreditlər verilmir.
“Sosial etibarlılıq sistemi” artıq 30 şəhərdə fəaliyyət göstərir. Bu sistem 2020-ci ildən etibarən Çinin bütün ərazisində tətbiq olunacaq. Əhali bunu yüksək qiymətləndirir. Hesab edirlər ki, bu sistem vasitəsilə pozuntulara nəzarət etmək asanlaşar, insanların bir-birinə güvəni artar və D kateqoriyasının sahibləri də bu vəziyyətdən çıxaraq doğru yola davam edərlər.
Səbinə ƏLİBALAQIZI