Noyabrın 25-də Belarusun paytaxtı Minskdə keçirilən “Uşaq Avroviziya-2018” mahnı müsabiqəsində Polşa təmsilçisi Roksana Vengel qalib gəlib. Azərbaycan təmsilçisi Fidan Hüseynovanın da qatıldığı müsabiqədə rekord sayda – 20 ölkə iştirak edib.
Qeyd edək ki, bu dəfə tətbiq edilən yeni qaydalara əsasən hər ölkə öz təmsilçisinə də səs vermək hüququ qazanıb. Həmçinin elektron səsverməyə daha artıq vaxt ayrılıb. Noyabrın 23-də axşam saatlarından mahnı müsabiqəsinin rəsmi saytında tamaşaçıların onlayn səsverməsi başlayıb. Səsvermə müsabiqənin rəsmi açılışına qədər, yəni noyabrın 25-də yerli vaxtla saat 18.00-dək davam edib. Final günü sonuncu iştirakçının ifasından sonra səsvermə 15 dəqiqə ərzində yenidən aktivləşib. Elektron səslər ballara çevrilərək münsiflər heyətinin səs aktivinə əlavə olunub. Yəni faktiki olaraq qalibin müəyyənləşməsində tamaşaçı rəğbəti (elektron səsvermə) həlledici rol oynayıb.
Nəticədə Polşa təmsilçisi Roksana Vengel 215 bal toplayıb. İkinci yeri Fransa nümayəndəsi (203 bal), üçüncü yeri Avstraliya təmsilçisi (201 bal) tutub. Fidan Hüseynova 47 balla 16-cı olub.
“Uşaq Avroviziya” müsabiqəsi 2003-cü ildən keçirilir. Gələn il növbəti yarışmaya Polşa ev sahibliyi edəcək.
İLONA