Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) “Leto AMOR-2018” yay əhvalatları fotomüsabiqəsinin qaliblərini elan edib. Müsabiqə hər il Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilir.

Bu il müsabiqəyə 300-dən çox foto təqdim edilib. Qaydalara görə, iştirakçılar çəkdikləri fotoları “İnstagram” sosial şəbəkəsində öz səhifələrində yerləşdirməli və onlara yay əhvalatı barədə kiçik hekayə əlavə etməli idilər.

RAGB-nin idarə heyətinin üzvü Emin Hacıyev mərasimdə çıxış edərək iştirakçılara təşkilatın sədri Leyla Əliyevanın salamlarını çatdırıb. Qeyd edib ki, azərbaycanlılar Rusiyanın ictimai, sosial-iqtisadi və mədəni həyatında çox fəal iştirak edirlər. O,  həmçinin azərbaycanlı gəncləri “Rusiyanın görkəmli şəxsiyyətləri” layihəsi üzrə səsvermədə fəal iştirak etməyə çağırıb. Vurğulayıb ki, Surqut və Nijnevatrovsk, həmçinin Novı Urenqoy aeroportlarında yekun səsvermə siyahısına məşhur azərbaycanlıların – geoloq Fərman Salmanov və keçmiş SSRİ-nin qaz sənayesi naziri Sabit Orucovun adları daxil edilib.

Sonra müsabiqənin qalibləri elan olunub. Səbinə Haşımova “Etnoqrafik rəsmlər”, Diana Dadaşova “Təbiətin naxışları”, Leyla Süleymanova “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi – tariximiz, bu günümüz və gələcəyimiz” nominasiyalarında qalib olub. “Bakı və bakılılar. Komfortlu şəhər” və “Küçə fotoqrafı” nominasiyalarında Ülvi Novruzov və Sevinc Alıyeva qalib adını qazanıb.