Noyabrın 30-da Heydər Əliyev Mərkəzində Rusiyanın Xalq artisti Mixail Turetskinin “Soprano” art qrupunun konserti keçirilib.

Tamaşaçıları Azərbaycan dilində salamlayan qrup üzvləri Bakıda ilk dəfə çıxış etdiklərini və izləyicilərə gözəl musiqilər bəxş edəcəklərini bildiriblər. Kollektiv konsertdə peşəkar ifa, müxtəlif janrları əhatə edən rəngarəng proqram, sürprizlərlə zəngin şou təqdim edib.

“Soprano” Mixail Turetskinin unikal vokal layihəsi – qadın səslərinin toplusudur. Art qrupda ən yüksək – koloratur sopranodan ən aşağı – mezzoyadək fərqli səslərə rast gəlmək mümkündür. Kollektivin repertuarına müxtəlif janrlarda əsərlər – klassika, pop, rok, folklor, caz daxildir. Qrup musiqi şoularını auditoriya ilə interaktiv şəkildə təqdim edir.

“Soprano” bir sıra beynəlxalq idman tədbirlərinin – Soçidə keçirilmiş Formula 1 Qran-pri yarışının, hər il keçirilən “Birinci kanalın kuboku” xokkey turnirinin və s. musiqili səfiri olub.

Xatırladaq ki, oktyabrın 10-da Heydər Əliyev Mərkəzində “Turetski xoru”nun – 10 kişi vokalçıdan ibarət məşhur kollektivin konserti anşlaqla keçmişdi.